×
A
A
A
Sazlamalar

Tbilisidə VIII beynəlxalq “Caspian Energy Forum” təşkil olunub

Tbilisi, 21 iyun, AZƏRTAC

VIII beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019” iyunun 21-də Gürcüstanın paytaxtında keçirilib.
AZƏRTAC xəbər verir ki, forumun əsas müzakirə mövzusu iqtisadiyyat və enerji sahəsində Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı olub.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tədbir barədə ətraflı məlumat verib.
Forumun açılışında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan, Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili, Marneulinin meri Zaur Darqallı, həmçinin Gürcüstan Hökumətinin iqtisadi blokunu təmsil edən nazirlik və qurumların nümayəndələri giriş nitqi ilə çıxış ediblər.
“Caspian Energy Forum Tbilisi – 2019”da Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq və regional şirkətlərin, beynəlxalq maliyyə institutlarının rəhbərləri iştirak edib. Plenar tematik sessiyalarda “Gürcüstanın investisiya mühiti” və “Gürcüstanda kənd təsərrüfatı və turizmin inkişafı” müzakirə olunub. İşgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar yaradılıb.
Forum Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və “Caspian European Club”un dəstəyi ilə baş tutub.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Energetika 2019-06-21 18:59:00