Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda “Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib

Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 18 illiyinə həsr olunub

Bakı, 21 iyun, Nəriman Həsənov, AZƏRTAC
İyunun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaranmasının 18 illiyi münasibətilə Bakıda “Dövlət-din münasibətləri: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb daxili və beynəlxalq vəziyyətdə dövlət quruculuğuna başlayan ölkəmiz üçün dəyərlər sisteminin dəqiqləşdirilməsi müstəsna əhəmiyyətə malik idi. Belə bir zamanda dövlətin dinə, eləcə də ölkədə fəaliyyət göstərən fərqli dini konfessiyalara və icmalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi vacib hesab edilirdi. Müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi dövlət-din münasibətləri sisteminin əsas prinsipləri, bu sahəni tənzimləyən qanunvericilik bazası uğurla formalaşdırıldı. Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Qısa bir müddətdə görülən işlər, proseslərin gedişi, qlobal miqyasda baş verən hadisələr təsdiqlədi ki, Ulu Öndər Dövlət Komitəsini yaratmaqla ölkədə din siyasətini daha da möhkəmləndirmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə yeni bir təkan vermiş və baş verə biləcək mənfi halların qarşısını əvvəlcədən almışdır.
Dinə dövlət qayğısından söz açan sədrin birinci müavini vurğulayıb ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Ümummilli Liderin yolu ilə inamla və sürətlə irəliləyən Azərbaycan bu gün həm sosial-iqtisadi göstəricilərinə görə, həm də milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov Dövlət Komitəsinin fəaliyyət istiqamətlərini özündə əks etdirən təqdimatla çıxış edib. O, çıxışında Dövlət Komitəsinin 18 il ərzindəki fəaliyyətinə, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlərə, həyata keçirilən layihələrə nəzər salıb. Sədr müavini dini qurumların dövlət qeydiyyatı və onlarla iş, dinşünaslıq ekspertizası, dini radikalizmlə mübarizə, dini maarifləndirmə işi, xarici və ictimaiyyətlə əlaqələr sahələri barədə statistik rəqəmləri diqqətə çatdırıb.
Komitə sədrinin müavini Səyavuş Heydərov Dövlət Komitəsinin kollektivinin öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək, din sahəsində mövcud məsələlərin sürətlə həllinə və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə nail olmaq üçün var qüvvəsi ilə çalışdığını bildirib. DQİDK-nın son illərdə fəaliyyətini xeyli genişləndirdiyini qeyd edən S.Heydərov komitənin müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini, dini qurumlarla iş sahəsində xeyli irəliləyişlər əldə olunduğunu deyib. O, Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından əlamətdar hadisə kimi dəyərləndirib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul işçisi Əliheydər Zülfüqarov DQİDK-nın din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində apardığı işlərə diqqət çəkib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev Qafqaz Müsəlmanları İdarəsi ilə DQİDK-nın uğurlu əməkdaşlığından bəhs edib. Qurumların birgə təşkil etdiyi tədbirlərin önəminə toxunan F.Nurullayev Azərbaycanda dini qurumlar arasında qarşılıqlı anlaşma və harmoniya mühitinin formalaşmasında Dövlət Komitəsinin fəaliyyətinin xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə çıxışlarında Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin Dövlət Komitəsinin tabeliyində bu qurumları yaratmasını dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində aparılan işlərə töhfə adlandırıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) şöbə müdiri Yadigar Məmmədli Azərbaycanda multikultural ənənələrin təbliği və təşviqində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olduğunu diqqətə çatdırıb. BBMM və DQİDK-nın səmərəli birgə fəaliyyətinə toxunan Y.Məmmədli komitəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Azərbaycan Bibliya Cəmiyyəti dini icmasının sədri Rasim Xəlilov komitənin dini qurumlarla işindən razılıqlarını ifadə ediblər. Onlar icmaların rastlaşdığı problemlərin həllində göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Din 2019-06-21 17:12:00