×
A
A
A
Sazlamalar

“Lufthansa” Hörmüz boğazı üzərindən uçuşları dayandırıb

Bakı, 21 iyun, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviakompaniyası İran hərbçilərinin ABŞ-a məxsus pilotsuz təyyarəni vurmasından sonra Hörmüz boğazı üzərindən uçuşları müvəqqəti dayandırmağı qərara alıb.
AZƏRTAC n-tv telekanalına istinadla xəbər verir ki, aviakompaniya nümayəndələrinin sözlərinə görə, uçuş marşrutlarının dəyişdirilməsi bütün İran ərazisinə aid deyil və Tehrana reyslər cədvəl üzrə həyata keçirilir.
Xatırladaq ki, iyunun 20-də iranlı hərbçilər Hormozqan əyaləti üzərində İranın hava məkanına daxil olan Amerikanın “Global Hawk” tipli pilotsuz təyyarəsini vurduğunu bildirib. Pentaqon isə dronun Hörmüz boğazı üzərində beynəlxalq hava məkanında vurulduğunu iddia edir.
İnsidentdən sonra ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi Amerikada qeydiyyatdan keçən mülki təyyarələrin Fars və Oman körfəzləri üzərində, həmçinin Tehranın uçuş informasiyasına malik olduğu suüstü zonada uçmasına qadağa qoyub. Qurum bu addımı regionda hərbi əməliyyatların aktivləşməsi və siyasi gərginliyin artması ilə izah edib. Qadağa bütün kommersiya aviakompaniyalarına və şəxsi təyyarələrə aiddir.
Son məlumata görə, Böyük Britaniyanın “British Airway”, Niderlandın KLM aviakompaniyaları da öz təyyarələrinin Hörmüz boğazı üzərindən uçuşlarını müvəqqəti olaraq dayandırıb.

 

Dünya 2019-06-21 14:18:00