×
A
A
A
Sazlamalar

BƏƏ və İordaniya birgə hərbi təlimlər keçirir

Dubay, 21 iyun, AZƏRTAC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya “Güclü konstantalar” adlı birgə hərbi təlimlər keçirir.
AZƏRTAC “WAM” dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, bu təlimlər regionun üzləşdiyi müxtəlif təhdidlərlə əlaqədar, hər iki ölkənin döyüş imkanlarının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə onların silahlı qüvvələri arasında davam edən hərbi əməkdaşlığın bir hissəsidir.
Regionda baş verən son hadisələrlə əlaqədar, bu təlimlər böyük əhəmiyyət kəsb edir. Bu hadisələr milli maraqların müdafiəsinin təminatı, Ərəb Körfəzi dövlətlərinin milli təhlükəsizliyinə zərər vurmağa yönəlmiş hər hansı cəhdin qarşısının alınması üçün döyüş hazırlığı ən yüksək səviyyədə saxlanmalıdır.
BƏƏ və İordaniya region üçün indiki çağırışlara və təhlükələrə qarşı mübarizədə eyni baxışlara malikdir. Özü də hər ikisi İraq və Suriyada “İŞİD”ə qarşı Qlobal koalisiyanın fəal üzvləri olan bu ölkələr Yəmənin birliyini və təhlükəsizliyini sarsıtmağa çalışan terrorçu husit dəstələri ilə qarşıdurmada Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyasında iştirak edirlər.
Hər iki ölkə region ölkələrinin daxili işlərinə hər hansı müdaxiləni qətiyyətlə rədd edir və regionda sabitliyi pozmaq məqsədi güdən bütün sui-qəsdlərə qarşı müqavimət göstərirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay

Dünya 2019-06-21 12:51:00