×
A
A
A
Sazlamalar

Tədqiqatlar Meksikada 1600 gizli məzar olmasını təsdiq edib

Vaşinqton, 21 iyun, AZƏRTAC

Meksikalı tədqiqatçılar bildiriblər ki, 2006-2017-ci illərdə ölkə ərazisində 1606 gizli məzarda aşkar edilib, həmin məzarlarda 2489 insan basdırılıb. Bildirilir ki, bu rəqəm təxminidir. Tədqiqatçılar əmindirlər ki, narkotik maddə alverçilərinin “münasibətləri ayırd etmə halları” geniş yayılmış regionlarda gizli məzarların həqiqi sayı bundan xeyli çoxdur.
AZƏRTAC xəbər verir ki, tədqiqatın aparıcı əlaqələndiricisi Denis Qonsales Mexikodakı Iberoamericana Universitetində keçirilən mətbuat konfransında deyib: “Məzarlar təkcə bunlarla bitmir. Təəssüf ki, bunlar əslində olan məzarların az bir hissəsidir”.
Tədqiqat nəticəsində məlum olub ki, gizli məzarların çoxu mütəşəkkil cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi Tamaulipas, Herrero, Verakrus, Sinaloa və Sakatekas ştatlarında qeydə alınıb.
Yerli hüquq müdafiə təşkilatları ilə universitet mütəxəssislərinin birgə apardığı tədqiqat Meksikada təhlükəsizlik sarıdan vəziyyətin pisləşməsini göstərir. Tədqiqatçılar ölkənin baş prokurorluğunu tənqid edərək bildiriblər ki, hökumət gizli məzarların və orada tapılmış cəsədlərin sayı barədə ziddiyyətli statistik məlumatlar təqdim edib.
Bu tədqiqat 2006-cı ildən başlanan on bir illik dövrü əhatə edir. Ölkənin ovaxtkı Prezidenti Felipe Kalderon qətllərin sayının artmasına səbəb olan narkokartellərə qarşı hərbiləşdirilmiş fəaliyyətə başlamışdı.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-06-21 11:29:00