×
A
A
A
Sazlamalar

Beynəlxalq konfrans çərçivəsində “Danışır Xocalı” sənədli filmi nümayiş olunub

Tbilisi, 20 iyun, AZƏRTAC
Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” adlı beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva konfransı açaraq iki ölkənin dostluq münasibətlərinin tarixinə nəzər salıb, bu cür tədbirlərin xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirdiyini qeyd edib.
Sonra “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 aylıq layihə çərçivəsində hazırlanan “Danışır Xocalı” sənədli filmi haqqında məlumat verib.
Bildirib ki, həmin layihə çərçivəsində reallaşan konfransın əsas məqsədi tarixən dost və qardaş ölkə olan Gürcüstan ilə əlaqələrimizi, ümumi maraqlarımızı və əməkdaşlığımızın perspektivlərini müzakirə etmək, əsrlərboyu xalqımızın başına gətirilən müsibətlər, ortaq problemlərimiz barədə daha geniş məlumat verməkdir.
Konfransa “Rustavi-2” televiziyasının aparıcısı Ceyhun Narzalov moderatorluq edib. Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüqar Mustafayev, Yaxın Şərq və Qafqaz İnstitutunun təsisçisi və baş icraçı direktoru Vasili Papava, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Gürcüstan-Qafqaz Strateji Araşdırmaları İnstitutunun eksperti Teymuraz Toumanişvili, Beynəlxalq Qara Dəniz Universitetinin professoru Nika Çitadze, tarixçi alim Guram Markhulia, araşdırmaçı jurnalist İrma Meskhi, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Azərbaycan Diaspor İnformasiya mərkəzinin direktoru Toğrul Allahverdili və başqaları çıxış edərək mövzu barədə fikirlərini bölüşüblər.
Sonra “Danışır Xocalı” sənədli filmi nümayiş olunub.
Tədbirdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında, iki xalqın tarixi, problemləri barədə dünya ictimaiyyətinə düzgün informasiya çatdırılmasındakı xidmətlərinə görə, bir qrup ziyalıya fəxri fərman və diplomlar təqdim olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2019-06-20 21:13:00