×
A
A
A
Sazlamalar

Si Cinpin: Çin KXDR-in yarımadada siyasi həll prosesinə yönələn fəaliyyətini yüksək qiymətləndirir

Pekin, 20 iyun, AZƏRTAC 

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Pxenyanda Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In ilə görüşündə iki ölkə və hakim partiyalar arasında münasibətlərin parlaq gələcəyinin qurulması üçün birgə səylər göstərmək barədə razılıq əldə olunub.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, Çin lideri görüşdə ölkəsinin Koreya yarımadasında siyasi həll prosesinə yönələn səyləri dəstəklədiyini, KXDR-in bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.
Si Cinpin ölkəsinin Koreya yarımadasında nüvə silahsızlaşdırılmasına və regionda davamlı sülhün təminatına nail olunması prosesində müsbət rol oynamağa hazır olduğunu bəyan edib, bu işdə bütün maraqlı tərəflərlə əməkdaşlığa və əlaqələndirməyə öz imkanları daxilində kömək etmək istədiyini diqqətə çatdırıb.
KXDR lideri Kim Çen In ölkəsinin ötən bir ildə Koreya yarımadasında gərginliyin azaldılması üçün xeyli fəallıq nümayiş etdirdiyini, amma əlaqədar tərəflərdən müsbət cavab almadığını bildirib. Ölkəsinin bu məsələdə səbirli qalmaq istəyini dilə gətirən Kim Çen In, əlaqədar dövlətlərin legitim maraqları təmin olunmaqla həll yollarının tapılmasından ötrü nəticəsi olan dialoqun davamı üçün tərəflərin KXDR ilə işləyəcəklərinə ümid etdiyini deyib.
Kim Çen In Koreya yarımadası məsələsinin həllində Çinin oynadığı vacib rolu yüksək qiymətləndirib.
Qeyd edək ki, ÇXR Sədri, iyunun 20-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Si Cinpinin KXDR-ə iki günlük rəsmi səfəri başlayıb. Bu, Si Cinpinin Çinin dövlət başçısı kimi Şimali Koreyaya ilk səfəri olmaqla yanaşı, 2005-ci ildən sonra Çin liderinin KXDR-ə ilk gəlişidir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-20 19:29:00