×
A
A
A
Sazlamalar

Sudanı idarə edən hərbi şura baş prokuroru istefaya göndərib

Bakı, 20 iyun, AZƏRTAC

Sudanda hərbi çevriliş nəticəsində hakimiyyəti ələ alan hərbi keçid şurası ölkənin baş prokuroru Əl-Valid Seyid Əhmədi müxalifət düşərgəsinin güc strukturları tərəfindən dağıdılmasının təfərrüatlarını yaydıqdan sonra istefaya göndərib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Sudanın baş prokuroru vəzifəsinə Abdullah Əhməd Abdullah təyin edilib.
Əl-Valid Seyid Əhməd iyunun 1-də Xartumun mərkəzində müxalifət düşərgəsinin güc strukturları tərəfindən dağıdılmasına həsr olunan mətbuat konfransında etirazçılara qarşı odlu silahdan istifadə olunmasına razılıq vermədiyini bildirmişdi.
Xatırladaq ki, iyunun 3-də Sudanın güc strukturlarının paytaxtın mərkəzində oturaq aksiyanı dağıtmaq üçün keçirdiyi əməliyyat nəticəsində onlarla insan həlak olmuşdu. Müxalifət buna cavab olaraq tətillərə və vətəndaş itaətsizliyi aksiyalarına başlamışdı.
2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 il ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Aprelin 11-də Sudanda dördaylıq xalq etirazları fonunda hərbi çevriliş baş verib və hərbi keçid şurası formalaşdırılıb. Ömər əl-Bəşir isə istefaya göndərilərək həbs edilib.

Dünya 2019-06-20 18:09:00