×
A
A
A
Sazlamalar

“Azərxalça”nın Lənkəran filialında toxunan xalçalar Hindistan səfirini heyran edib

Bakı, 20 iyun, AZƏRTAC

Hindistanın Azərbaycanda yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavna iyunun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə tanış olub.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, filialın direktoru Nargilə Qənbərova burada toxunan xalçalar barədə ətraflı məlumat verib.
Bildirilib ki, filial binası ötən il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.
Lənkəranda xalça istehsalı emalatxanası dövlət başçısının 2018-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq inşa edilib. Emalatxana binasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması üçün 2 milyon manat vəsait ayrılmışdı. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın inşasına ötən ilin martında başlanılıb və tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Hazırda filialda 100 nəfərdən çox toxucu çalışır. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük verilir.
Bildirilib ki, müəssisədə çalışan toxucular "Azərxalça"nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Qeyd olunub ki, indiyədək filialda 700 kvadratmetrə yaxın xalça toxunub.
Diplomat burada toxunan xalçalara heyran olduğunu bildirib, onların keyfiyyəti və qiymətləri ilə maraqlanıb.

İqtisadiyyat 2019-06-20 17:49:00