×
A
A
A
Sazlamalar

Britaniyanın daxili işlər naziri baş nazir postu uğrunda mübarizəni dayandırdı

Bakı, 20 iyun, AZƏRTAC

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid Mühafizəkarlar partiyasının lideri və Birləşmiş Krallığın baş naziri postu uğrunda mübarizədən kənarda qalıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Sacid Cavid iyunun 20-də Britaniya Parlamentinin İcmalar Palatasından olan tori deputatlarının iştirakı ilə keçirilən səsvermənin dördüncü turunun nəticəsinə əsasən mübarizəni dayandırıb.
Səslərin hesablanmasından sonra sıravi tori deputatlarını birləşdirən və mühafizəkarların liderinin seçilməsi və dəyişdirilməsi ilə məşğul olan “Komitə 1922” rəhbərinin vəzifələrini icra edən Şeril Gillan namizəd Sacid Cavidin 34 səs toplayaraq sonuncu yerdə qərarlaşdığını və partiyadaxili qaydalara görə, növbəti tura keçə bilmədiyini elan edib.
Seçkilərin dördüncü turunun nəticələrinə əsasən, kampaniyanın lideri dəyişməyib. Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson 313 deputatdan 157-nin səsini qazanıb. Növbəti tura, həmçinin 61 deputatın dəstəyini alan ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv və 59 səs toplayan hazırkı xarici işlər naziri Ceremi Hant keçib. Maraqlıdır ki, Qouv səsvermənin gedişində ilk dəfə Hantı qabaqlayaraq ikinci yerə yüksəlib.
Bu gün axşam saatlarında namizədlərdən birinin də ixtisara düşəcəyi daha bir səsvermə keçiriləcək. Böyük Britaniyanın yeni baş nazirinin adı iyulun sonlarına qədər məlum olacaq, qalibi qalan iki namizəd arasından hakim partiyanın 160 min sıravi üzvü seçəcək.
Xatırladaq ki, mayın 24-də Böyük Britaniyanın Baş naziri Tereza Mey Brexit prosesini reallaşdıra bilmədiyi üçün əvvəlcə Mühafizəkarlar partiyasının lideri, yeni partiya rəhbəri seçildikdən sonra isə ölkənin baş naziri postundan istefa verəcəyini elan edib. Yeni lider seçkilərində ondan çox partiya üzvü namizədliyini irəli sürmüşdü. Onların arasında sərt Brexit tərəfdarı kimi tanınan sabiq xarici işlər naziri Boris Consonun şansları daha yüksək qiymətləndirilir.

Dünya 2019-06-20 17:35:00