×
A
A
A
Sazlamalar

Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Metropolitenində təlim-məşq keçirib

Bakı, 20 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Bakı Metropoliteni” QSC-nin Nərimanov rayonu Ə.Qayıbov 11 ünvanında yerləşən Nərimanov adına elektrik deposunun ərazisində təlim-məşq keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqdə DYNX-nin Bakı Metropoliteni üzrə Dövlət Yanğın Nəzarəti Şöbəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin 1 nömrəli Xüsusi təyinatlı yanğından mühafizə hissəsinin və “Bakı Metropoliteni” QSC-nin əməkdaşları iştirak ediblər.
Tədbirə DYMX-nin yanğınsöndürmə texnikası cəlb edilib. Deponun ərazisində yerləşən depolar üzrə iş departamentinə məxsus qatarların dayanma yerində 17 saylı baxış xəndəyində saxlanılmış qatarın ikinci vaqonunda baş vermiş şərti yanğın hadisəsinin söndürülməsi təlim-məşqin əsas mövzusu olub. Dərhal hərəkət qatarlarının istismarı üzrə iş departamentinin depo üzrə növbətçisi tərəfindən səs ucaldıcı vasitəsilə şərti yanğının baş verməsi barədə məlumat verilib və yanğının metropoliten işçiləri tərəfindən söndürülməsinə başlanıb. Şərti yanğının söndürülməsi üçün odsöndürən balonlardan istifadə olunub. Həmçinin Depolar üzrə iş departamentinin qəza-bərpa vasitələri xidməti tərəfindən yanğın su kranından yanğın qolu və lüləsi vasitəsilə döyüş açılışı edilib. FHN-in 112 – “qaynar xətti”nə yanğın barədə məlumat verilib. Yanğınsöndürənlər gələnə qədər alovun metropoliten işçiləri tərəfindən söndürülməsi prosesi davam etdirilib. Yanğınsöndürənlər şərti yanğın hadisəsinin baş verdiyi əraziyə gələrək yanğını söndürüblər.
Sonra yanğınsöndürənlər depolar üzrə iş departamentinin ərazisində qatarların dayandığı və təmir edildiyi yerlə tanış olub, metropoliten işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı davranış və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.

Sosial 2019-06-20 17:19:00