×
A
A
A
Sazlamalar

“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Bakı, 20 iyun, Nəriman Həsənov, AZƏRTAC

İyunun 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Prezident Administrasiyasının, Müdafiə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Polis Akademiyasının təmsilçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr edilən “Şəhadət” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı giriş sözü ilə açan DQİDK-nın sədr müavini Səyavuş Heydərov torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsinin ən aktual məsələlərdən biri olduğunu deyib. Qeyd edib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, ümumbəşəri və multikultural dəyərlərə hörmət aşılanması hər zaman prioritet olub. Vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu deyən sədr müavini Vətən təəssübünün, vətəndaşlıq və dövlətçilik mövqeyinin üstün tutulması baxımından ziyalılarımızla, təhsil müəssisələrimizlə yanaşı, dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
S.Heydərov inteqrasiya meyillərinin və mobilliyin güclənməsi, əxlaqi dəyərlərə və mədəniyyətlərə müxtəlif yanaşma və baxışların yaranması ilə müşayiət olunan qloballaşma təzahürlərinin getdikcə daha geniş vüsət aldığı indiki şəraitdə ölkəmizin istər siyasi, istər müdafiə, istərsə də təhlükəsizlik baxımından etibarlı əllərdə olduğunu bildirib. Diqqətə çatdırıb ki, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda sabitlik və əmin-amanlıq yüksək səviyyədə təmin edilir. Müharibə şəraitində olan ölkə üçün milli təhlükəsizlik və dini-ideoloji sabitliyin prioritet məsələ olduğunu nəzərə çatdıran sədr müavini DQİDK-nın bu istiqamətdə müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, ölkədəki bütün hərbi hissələrdə maarifləndirici tədbirlərin keçirildiyini deyib. Komitənin sifarişi ilə vətənpərvərlik mövzusunda çəkilən “Şəhadət” sənədli filminin hərbi vətənpərvərliyin təbliği baxımından önəmini vurğulayan natiq filmdəki hərbçilərimizin qəhrəmanlıqları və fədakarlıqlarının gənclərimiz üçün bir nümunə olduğunu deyib.
Sonra məruzə ilə çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, işğal olunmuş ərazilərimizdə dini ibadətgahlar vandalizm aktlarına məruz qalıb. Şuşada, Ağdamda olan məscidlər fəaliyyət göstərmir, dağıdılıb və təhqir olunub. Komitə sədrinin müavini vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələri təkcə bu ölkənin ərazi bütövlüyünü, Azərbaycan xalqını qorumur, həm də bölgədə dini tolerantlığın qarantıdır. Ermənilər işğal altında olan alban kilsələrini qriqoryanlaşdırdığı kimi, bu torpaqlarda olan kilsələri də qriqoryanlaşdırarlar. Tolerantlığın mühafizəçisi Azərbaycan Ordusudur. Ordumuz olmasa, bu torpaqlarda nə İslam, nə tolerantlıq olar.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, bugünkü Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə olunması çox vacib məsələdir və bu sahədə qəbul edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. F.Nurullayev təkcə müvafiq qurumların deyil, eləcə də dini icmaların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində müəyyən tədbirlər keçirdiyini diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov və Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinin rəisi Bünyad Qaralov çıxışlarında bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda son illərdə çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Vurğulanıb ki, Milli Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. O da qeyd olunub ki, 2016-ci ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan Ordusu istər silah, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov təmsil etdikləri qurumların hərbi vətənpərvərliyin gücləndirilməsi sahəsində gördüyü işlərdən danışıblar. Bildirilib ki, müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Qeyd olunub ki, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmaqdadır.
Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisi Sveçnikov, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dini radikalizmə qarşı mübarizədə, o cümlədən milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüblər.

Din 2019-06-20 17:03:00