×
A
A
A
Sazlamalar

Xətai Rayon Polis İdarəsinin əməkdaşları 600 kiloqramdan çox narkotik vasitəni dövriyyədən çıxarıblar

Bakı, 20 iyun, AZƏRTAC

Daxili işlər orqanları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş Denis Ardatyev saxlanılıb. Onun üzərində axtarış aparılan zaman marixuana aşkarlanaraq götürülüb.
D.Ardatyev ilkin sorğu zamanı bildirib ki, bir neçə gün əvvəl Xəzər rayonunun Buzovna qəsəbəsində tanımadığı şəxsin hasarın çöl tərəfinə əyilmiş spesifik iyi olan bitki yarpağının bir neçəsini yığıb və özündə saxlayıb.
İdarə əməkdaşlarının həmin ünvanda keçirdikləri əməliyyat zamanı ev sahibi, paytaxt sakini Eldəniz Rüstəmov tutulub. Onun həyətyanı sahəsində olan istixanaya baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 556 kiloqram olan 1206 ədəd narkotik tərkibli çətənə kolu, eləcə də 65 kiloqram qurudulmuş marixuana kütləsi aşkarlanaraq götürülüb. E.Rüstəmov ifadəsində narkotik tərkibli bitkiləri mart ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Axtarış zamanı E.Rüstəmovun idarə etdiyi “Saipa” markalı avtomobildən də əlavə olaraq siqaret qutusunun içində qablaşdırılan 2 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-06-20 16:41:00