×
A
A
A
Sazlamalar

® “Bakcell” və “Innoland” birgə İnkubasiya Proqramının iştirakçılarını seçib

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti və “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə inkubasiya proqramına birinci seçim başa çatıb. 

Daxil olmuş 20-dən çox müraciət arasından seçilən 5 ideyanın müəllifləri öz startap layihələrini Seçim Komitəsi qarşısında təqdim edib. Ətraflı qiymətləndirmədən sonra, ən yüksək bal toplamış 3 startap komandası “Innoland” və “Bakcell” şirkətinin birgə inkubasiya proqramında iştirak etmək hüququ qazanıb.
Seçimlərdən uğurla keçən “Face Ads”, “ToWaves” və “Bon.az” komandaları öz layihələrini reallaşdırmaq şansı əldə ediblər. “Face Ads” sosial media sahəsində icraçı və sifarişçi arasında əməkdaşlığı formalaşdırmaq üçün yaradılmış platformadır. “ToWaves” ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkədir. “Bon.az” isə istifadəçilərin onlayn alış-verişdən “cashback“ əldə etməsi üçün yaradılan sistemdir.
Layihədən asılı olaraq, növbəti 3-6 ay ərzində startap komandaları “Innoland” və “Bakcell” təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edə biləcəklər. Bu dəstək sayəsində gənclər öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək imkanına malik olacaqlar.
Seçilmiş komandalar inkubasiya müddəti ərzində həm “Innoland”, həm də “Bakcell”in “AppLab” mərkəzinin imkanlarından yararlanacaqlar.
Xatırladaq ki, “Bakcell” şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində “Bakcell” və “Innoland” yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Bu əməkdaşlıq ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında strateji rol oynayır. 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell” şirkətinin “AppLab” proqramından dəstək alırlar.

İKT 2019-06-20 16:30:00