×
A
A
A
Sazlamalar

Osakada G20 sammiti zamanı təhlükəsizliyi 32 min polis qoruyacaq

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 28-29-da Osakada keçiriləcək İyirmilik Qrupunun sammiti zamanı təhlükəsizliyin təminatına təxminən 32 min polis əməkdaşı cəlb ediləcək.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli polis rəisi Takahisa İsida mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Osaka şəhərinin təhlükəsizlik qüvvələrinə kömək məqsədilə Yaponiyanın hər yerindən təxminən 18 min polis əməkdaşı cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları sammit obyektlərini və liderlərin iqamətgahlarını qorumaqla yanaşı, qapalı zonalara nəzarət edəcək və hərəkəti tənzimləyəcək.
Təşkilatçıların hesablamalarına görə, nümayəndə heyətləri və jurnalistlər də daxil olmaqla, “iyirmilik” liderlərinin görüşü zamanı şəhərə təxminən 30 min insan gələcək.
Qeyd edək ki, 2,7 milyon insanın yaşadığı Osaka əhalinin sayına görə Tokio və Yokohamadan sonra Yaponiyanın üçüncü ən böyük şəhəridir. Honsyu adasının cənub-qərb hissəsinin qeyri-rəsmi paytaxtı olan şəhər ölkənin ən mühüm işgüzar və mədəniyyət mərkəzlərindən biri sayılır.

Dünya 2019-06-20 15:00:00