Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çinin Çindao şəhərində 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib

Pekin, 20 iyun, AZƏRTAC
Çinin sahil şəhəri və turizm mərkəzlərindən olan Çindao şəhərindəki avtobus xətlərindən biri 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi ilə təchiz olunub.
AZƏRTAC şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, Çindaonun əsas turizm məkanlarını birləşdirən 12 kilometrlik 468 nömrəli marşrut xəttində hərəkət edən avtobusların sərnişinləri 5G siqnalından, sonuncu nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən smartfonu olmayanlar isə 5G-yə əsaslanan “Wi-Fi” siqnalından istifadə etməklə yüksək sürətli internetə çıxış əldə edə bilirlər. Layihə ölkənin ən böyük mobil rabitə operatoru “China mobile” və telekommunikasiya şirkəti “Huawei”in dəstəyi ilə reallaşıb.
Sərnişindaşıma şirkəti gələcəkdə marşrut xəttindəki daha çox avtobusları 5G siqnalı ilə təchiz etməyi, habelə yeni nəsil mobil rabitə şəbəkəsinin imkanlarından istifadə etməklə xidmətin keyfiyyətini yüksəltməyi hədəfləyib. Buraya, həmçinin sürücüsüz avtobusların xəttə buraxılması da daxildir.
Qeyd edək ki, ilin əvvəlində Çinin Cinan və Çunçin şəhərlərində 5G şəbəkəsi vasitəsilə idarə olunan sürücüsüz avtobuslar test edilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-06-20 14:23:00