×
A
A
A
Sazlamalar

ABŞ-da Pittsburq kilsəsinə terror hücumu planlaşdırmaqda ittiham olunan suriyalı qaçqın həbs edilib

Vaşinqton, 20 iyun, AZƏRTAC

ABŞ-da Mustafa Musab Alovemer ad-soyadlı suriyalı qaçqın həbs edilib. Federal hakimiyyət orqanları bu şəxsi Pittsburqda (Pensilvaniya ştatı) kilsəyə terror aktı planlaşdırmaqda təqsirləndirirlər.
AZƏRTAC bu barədə ABŞ Ədliyyə Nazirliyinə istinadla xəbər verir. Məhkəmənin ittihamnaməsində bildirilir ki, 21 yaşlı Mustafa Musab Alovemer “İŞİD-in dəstəklənməsi və Birləşmiş Ştatlarda İŞİD-in digər tərəfdarlarının ruhlandırılması naminə” Legacy beynəlxalq ibadət mərkəzinə hücum planlaşdırmaqda təqsirləndirilir.
Sənəddə qeyd edilir ki, Daraada (Suriya) doğulmuş Alovemer 2016-cı ilin avqust ayında qaçqın kimi ABŞ-da qəbul edilib. Hakimiyyət orqanlarının məlumatına görə, Alovemerdən əldəqayırma partladıcı qurğuların yığılmasına dair bir neçə təlimat müsadirə olunub. Həmçinin bildirilir ki, Alovemer sosial şəbəkələrdə İŞİD-in və cihadın dəstəklənməsi ilə əlaqədar planları barədə ətraflı məlumat verib. Ədliyyə Nazirliyinin bəyanatında göstərilir ki, Alovemer təşviqat materialları yayır, Pitssburq rayonundakı potensial hədəflərin təmin olunmasını təklif edir, səsboğan qurğu ilə təchiz olunmuş silahlar almağa hazırlaşır və İŞİD-in lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içməsi barədə video yazırmış.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton 

Dünya 2019-06-20 13:37:00