×
A
A
A
Sazlamalar

Macarıstanda Qarabağla bağlı təqdimat və kitab sərgisi keçiriləcək

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “Konflikt ərazilərində tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin nəzərində” layihəsi çərçivəsində avqustun 15-19-da Macarıstanda gənc alimlər, doktorantlar və magistrlər üçün elmi təqdimat və kitab sərgisi təşkil edəcək. Təqdimat və sərgi Avropa Gənc Alimlər Şurasının (EURODOC), Macarıstan Gənc Alimlər Assosiasiyasının (DOSZ) və Ferents Pethe Universitetinin dəstəyi ilə təşkil olunan Avropa Gənc Alimlərinin Yay Məktəbi çərçivəsində keçiriləcək.
Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, təqdimatda Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi bəyan etdiyi halda, Ermənistanın zəbt etdiyi və 27 ildən artıq müddətdə işğal altında saxladığı tarixi torpaqlarımızda - Qarabağda azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini dağıtması, tarixi faktları saxtalaşdırması, özününküləşdirməsi barədə həqiqətlər avropalı gənc alimlərin diqqətinə çatdırılacaq. Layihə bütövlükdə 250 gənc alim və tədqiqatçını əhatə edəcək.
Tədbirdə Avropa universitetlərinin rektorları və administrativ şəxsləri, Macarıstanın Təhsil və Mədəniyyət Nazirliyinin nümayəndələri, Avropa Gənc Alimlər Şurasının rəhbər şəxsləri və digərləri iştirak edəcəklər.
İştirakçılara Qarabağdakı tarixi abidələrimizin münaqişədən əvvəlki vəziyyəti və müharibə dövründə ermənilər tərəfindən dağıdılması faktlarla iştirakçılara göstəriləcək.
Tədbirin yekununda iştirakçılara işğal altındakı ərazilərimizdə tarixi-mədəni abidələr barədə sənədli film nümayiş olunacaq. Avropalı gənc alim və tədqiqatçılara münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmamaları və bu kimi vandalizm aktlarına qarşı mübarizə aparmaları ilə bağlı müraciət olunacaq.
Ketsxey şəhərindəki Pannoniya Universitetində təşkil olunacaq kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı nəşrlər nümayiş etdiriləcək. Kitabların bəzi nüsxələri universitetin kitabxanasına təqdim olunacaq və iştirakçılar arasında paylanacaq.

Sosial 2019-06-19 17:06:00