×
A
A
A
Sazlamalar

Suraxanı rayonunda tatarların milli bayramı qeyd edilib

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycanda yaşayan tatar icması milli bayramlarını - “Sabantuy”u Suraxanı rayonu Heydər Əliyev parkında təntənəli şəkildə qeyd edib.
AZƏRTAC xəbər verir ki, bayram iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyub, tər güllər düzüblər.
Bayram tədbiri Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov tədbir iştirakçılarına rayon rəhbərliyinin təbriklərini çatdıraraq “Sabantuy”un Suraxanı rayonu Heydər Əliyev parkında keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirib.
Tatarıstan Respublikası idman nazirinin müavini Almaz Minqulov çıxış edərək Prezident Rüstəm Minnixanovun təbriklərini çatdırıb. Bayram şənliyində çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov xalqlarımız arasındakı dostluq münasibətlərini yüksək qiymətləndiriblər. Ölkəmizdəki multikultural şərait, tolerantlıq dövlətimizin başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bariz nümunəsi kimi dəyərləndirilib. Qeyd edilib ki, “Sabantuy”un Azərbaycanda keçirilməsi bunun əyani sübutudur.
İncəsənət ustalarının da qatıldığı bayram şənliyi geniş konsert proqramı ilə davam edib. “Sabantuy” bayramının ayrılmaz hissəsi olan müxtəlif müsabiqələr də iştirakçılara güc və bacarıqlarını müsabiqədə nümayiş etdirmək imkanı yaradıb. Gənclər tatar milli idman yarışlarında güclərini sınayıblar. Qaliblər mükafatlandırılıblar.

Cəmiyyət 2019-06-18 20:11:00