×
A
A
A
Sazlamalar

“SOCAR Petroleum S.A”nın direktoru Fransa radiosuna müsahibəsində şirkətin Rumıniyadakı fəaliyyətindən danışıb

Buxarest, 18 iyun, AZƏRTAC

Fransanın Beynəlxalq radiosunun “Radio France Internationale” Rumıniyadakı filialı “RFI Romania” Rumıniyada fəaliyyət göstərən SOCAR-ın törəmə şirkəti “SOCAR Petroleum S.A” şirkətinin direktoru Həmzə Kərimovdan müsahibə alıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə Azərbaycanın tarixi, iqtisadiyyatı, neft-qaz, turizm, mədəniyyət və digər sahələri müzakirə olunub, “SOCAR Petroleum S.A”nın Rumıniyadakı hazırkı və gələcək fəaliyyəti barədə danışılıb.
H.Kərimov Azərbaycanın son illər əldə etdiyi uğurların bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Bildirib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkə iqtisadiyyatını bürüyən tənəzzül dayandırılıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub. Qeyd edib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində son illər Azərbaycanın iqtisadi qüdrəti daha da artıb, müstəqil respublikamız dünya birliyində öz layiqli yerini tutub.
O diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasına, ölkənin gələcək iqtisadi inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına zəmin yaradıb. H.Kərimov Prezident İlham Əliyev tərəfindən hazırda neft sənayesinin gələcək istiqamətlərini müəyyənləşdirən perspektiv tədbirlər həyata keçirilməsi, Xəzərin ehtiyatları nəzərə alınaraq təbii qazın Avropa bazarlarına çatdırılması üçün Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və gələcəkdə Bolqarıstanadək uzanacaq Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində çox mühüm işlər görülməsi barədə ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə söz açan direktor bu münaqişə nəticəsində 1 milyon insanın öz yurdlarından qaçqın düşməsi və Ermənistan hökumətinin hələ də öz təcavüzkar siyasətindən dönmədiyini qeyd edib. Bildirib ki, məhz bu siyasətin nəticəsidir ki, Ermənistan regionun inkişafında iştirak etmir, bütün enerji və digər layihələrdən uzaqda qalıb, iqtisadiyyatı tənəzzülə uğrayır.
Azərbaycanın turizm potensialından danışan H.Kərimov ölkəmizin hər tərəfli turizm sahəsində inkişafından bəhs edib. Son illərdə turistlərin sayının artımı ilə müşahidə olunduğunu, Azərbaycanın mötəbər beynəlxalq yarışlara və müsabiqələrə ev sahibliyi etdiyi barədə məlumat verib. O, rumınları Azərbaycanı görməyə çağırıb.

 

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Neft - qaz 2019-06-18 19:35:00