Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Lənkəranın meyvə bağlarında məhsul yığımına başlanılıb

Lənkəran, 18 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunda sitrusçuluq, çayçılıqla yanaşı, digər bağçılıq sahələri də inkişaf etdirilir. Bir neçə gündür rayonun meyvə bağlarında məhsul yığımına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunun Bürcəli kəndində Avropa ölkələrindən gətirilərək 52 hektar sahədə əkilən meyvə ağaclarında bu il də məhsul boldur.
Ümumi sahənin 30 hektarı nektarin və şaftalı ağacları olan bağda bir neçə gündür sözügedən meyvələrin, eyni zamanda, əriyin yığımı aparılır. Bu günədək 1 tonu ərik olmaqla 15 tonadək məhsul tədarük edilib. Məhsul demək olar hər gün toplanır.
Bağ sahibləri deyir ki, martda çiçəkləmə dövründə intensiv yağışlar tozlanmaya bir qədər təsir etsə də, aparılan müvafiq tədbirlər öz müsbət nəticəsini göstərib. Bundan başqa, ilboyu lazımi aqrotexniki qulluq göstərilən bağda biokimyəvi üsullarla xəstəlik və zərərvericilərə qaşı mübarizə tədbirləri görülüb. Meyvənin növündən asılı olaraq bir ağacdan orta hesabla 120-130 kiloqram məhsul yığılır.
Təsərrüfat sahibləri bol və keyfiyyətli məhsul əldə etmək üçün qulluq, yığım proseslərində mütəxəssis məsləhətlərindən də yararlanırlar.
Bağlardan toplanan məhsul təsərrüfatın anbarında saf-çürük edilir, tarlalara düzülərək soyuducu anbara yığılır. Daxili bazarda kifayət qədər tələbat olduğundan alıcılar əsasən yerli tədarükçülərdir. Tədarük olunan meyvələr paytaxt və digər regionların bazarlarında satışa çıxarılır.
Bu il daha 2 hektar sahədə müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilib, yeni bağ salınıb. Bir neçə gündən sonra isə təsərrüfatda gilas yığımına başlanacaq. Daha sonra gavalı, armud, heyvanın yığım dövrü olacaq. Bu mövsüm bağlardan 150 tondan çox meyvə tədarükü gözlənilir.

Regionlar 2019-06-18 19:23:00