×
A
A
A
Sazlamalar

Salyanlı məktəblilər Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyini ziyarət ediblər

Salyan, 18 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanda fəaliyyət göstərən “Ana Kür” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Hərb işimiz şərəf tariximizdir” layihəsi çərçivəsində rayon məktəblilərinin və ictimaiyyətin nümayəndələrinin bir qrupunun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev-muzeyinə səfərini təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Salyanda Milli Qəhrəman Nazim Babayevin abidəsinin və şəhidlərin xatirə kompleksinin önünə gül dəstələri düzüblər.
Tanışlıq səfərində rayonun 7 nömrəli tam orta məktəbinin şagirdləri ilə yanaşı, yerli QHT-lərin - Rayon Ziyalılar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin rəhbərləri, KİV təmsilçiləri, “Ana Kür” İctimai Birliyinin üzvləri iştirak ediblər.
Milli Qəhrəman Mübariz İbrahimovun ev-muzeyində ziyarətçiləri qəhrəmanın atası Ağakərim İbrahimov qarşılayıb. O, oğlunun uşaqlıq və gənclik illərindən danışıb, Mübarizin ordu həyatı, hər kəsə nümunə olan şərəfli hərbi xidməti, misilsiz qəhrəmanlıqları haqqında məlumat verib. Qeyd edilib ki, Mübarizin əsl qəhrəmanlıq örnəyi olan qısa, lakin şərəfli döyüş yolu hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi öyrənilir.
Ekskursiya iştirakçıları Milli Qəhrəman Mübariz İbrahimovun rəşadətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbir iştirakçılarından – “Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov, Əməkdar müəllim Allahverdi Piriyev və başqaları hərb tariximizin təbliğinin gənclərimizin vətənpərvərlik tərbiyəsindəki rolunu yüksək qiymətləndirib, tədbirin təşkilinə görə aidiyyəti qurumlara minnətdarlıqlarını bildiriblər.
Sonda səfər iştirakçılarına “Ana Kür” qəzetinin iyun nömrəsi və Azərbaycan Respublikasının dövlət bayraqları paylanıb.

Regionlar 2019-06-18 19:47:00