×
A
A
A
Sazlamalar

İlk “Könüllü DOST” məzunlarına sertifikatlar təqdim edilib

Bakı, 18 iyun, AZƏRTAC
İyunun 18-də 1 saylı “DOST” mərkəzində fəaliyyət göstərən və məzun olan ilk könüllülərə sertifikatlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, “DOST Könüllüləri” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında ötən il avqustun 28-də imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən “ASAN Könüllülük” Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyyətinə cəlb ediliblər.
Tədbirdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və “ASAN könüllülük məktəbi”nin direktoru Cahangir Hacıyev çıxış edərək könüllülük fəaliyyətinin mahiyyəti barədə məlumat verərək ilk könüllüləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, “Könüllü DOST” layihəsinin məqsədi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksəkkeyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunmasıdır. Proqram özündə dövlətçilik və vətənpərvərlik, ictimai-sosial məsuliyyətlilik, birlik və əməkdaşlıq, qayğıkeşlik və yardımsevərlik prinsiplərini ehtiva edir.
Gənc könüllü Həlimət Rizvanlı və “Gümüşü könüllü” Nailə Abdullayeva yaradılan şərait üçün təşəkkür edib və onlara bəslənilən ümidləri doğruldacaqlarını bildiriblər.
Könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub və onların arasında keçirilən müsabiqədə qalib gələn qrupun hazırladığı layihələrin təqdimatı keçirilib.
Tədbirin yekununda “Könüllü DOST”un 21 məzununa sertifikatlar verilib.

Sosial 2019-06-18 17:21:00