×
A
A
A
Sazlamalar

RAGB 10 illik yubileyini qeyd edir
Bununla əlaqədar, Moskvada Azərbaycan Mədəniyyəti Günü keçiriləcək

Moskva, 18 iyun, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi – RAGB 10 illik yubileyini qeyd edir. Bununla əlaqədar olaraq, iyunun 25-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçiriləcək.
RAGB-ın idarə heyətindən bildiriblər ki, moskvalıların və Rusiya paytaxtı qonaqlarının Azərbaycan mədəniyyəti ilə tanış olmaq imkanı yaranacaq. Həmin gün Moskvanın ən xudmani guşələrindən birinə - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” nəbatat bağına yolu düşən hər kəs bu gənclər təşkilatının 10 illiyi münasibətilə bayram şənliklərinə qatıla bilər. Burada qonaqları Azərbaycan mətbəxinin ən dadlı yeməkləri gözləyir. Onlar yeməklərin dadına baxmaqla bərabər, onları hazırlamağa cəhd edə bilərlər. Təşkilatçılar Azərbaycan ulduzlarının və rəqs kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı hazırlayıblar. Qonaqların Azərbaycan milli musiqi alətlərini dinləmək, milli rəqslərini öyrənmək imkanı olacaq.
Gözlənildiyinə görə, Azərbaycan Mədəniyyəti Gününü təntənəli surətdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB–ın sədri Leyla Əliyeva açacaq.
Təşkilatçılar bildiriblər: “Bayrama ailəvi getməyə dəyər. Qonaqların Azərbaycan tematikası ilə şəkil çəkdirmək imkanı olacaq. Müxtəlif atributlar, musiqi alətləri, milli geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozona yaradılacaq. “Ani foto” xidməti fotoşəkilləri qonaqlara fotosessiyadan dərhal sonra təqdim edəcək.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyəti ilə yaxından tanış olmaq üçün “AMOR” jurnalının 10 il ərzində işıq üzü görən bütün nömrələri olan oxu guşəsi təşkil ediləcək. Arzu edən hər kəs bu jurnalları vərəqləyə bilər. Azərbaycan klassiklərinin kitabları da təqdim olunacaq.
Bayramın sonunda açıq səma altında film nümayiş etdiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2019-06-18 17:17:00