×
A
A
A
Sazlamalar

Şəki taxılçıları indiyədək zəmilərdən 90 min tondan çox məhsul toplayıblar

Şəki, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 68 min 68 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini yüksək sürətlə davam etdirilir. Bu günədək 17 min 130 hektar arpa və 9 min 240 hektar buğda sahəsinin məhsulu biçilib, 90,5 min ton taxıl istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Baş məsləhətçi bildirib ki, tədarük olunan taxılın 58 min 242 tonu arpa, 32 min 340 tonu buğdadır. Arpa sahələrinin hər hektardan orta hesabla 34 sentner, buğda sahələrindən isə 35 sentner məhsul götürülüb.
Ümumilikdə, biçin kampaniyasına 125 taxılbiçən kombayn, 95 küləşpresləyən aqreqat, 250 şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 yanğınsöndürən və 9 su maşını cəlb olunub.
Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Taxıl istehsalı ötən il 2017-ci illə müqayisədə 7 min ton artıb.

Kənd təsərrüfatı 2019-06-18 14:54:00