×
A
A
A
Sazlamalar

II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb VİDEO

Bakı, 18 iyun, Nicat Məmmədov, AZƏRTAC
İyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və ölkəmizin nümayəndə heyəti iyunun 18-də Belarusa yola salınıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandamızı ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, idmansevərlər, KİV təmsilçiləri yola salıblar.
Atletlərimiz mötəbər yarışla bağlı fikirlərini bölüşərək Azərbaycan dövlətinin yüksək diqqət və qayğısından bəhs edib, II Avropa Oyunlarına böyük həvəslə yollandıqlarını vurğulayıb, göstərilən etimadı layiqincə doğruldacaqlarına, “Minsk 2019”dan qızıl medallarla qayıdacaqlarına söz veriblər.
Azərbaycanı “Minsk 2019”da idmanın 11 növü üzrə 82 atlet təmsil edəcək.
Oyunlar zamanı Belarus paytaxtına Avropanın 50 ölkəsindən 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Oyunlarda idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək.
Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirləri, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksəkvəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.
2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk-arena”, “Çijovka-arena” stadionlarında keçiriləcək.
Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.
Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.

İdman 2019-06-18 03:01:00

Video