Bakı Nəqliyyat Agentliyində Milli Qurtuluş Günü qeyd olunub
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyində (BNA) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə agentliyin idarə heyətinin sədri Vüsal Kərimli və Yeni Azərbaycan Partiyası Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ruhuna hörmət və ehtiramlarını bildiriblər.
BNA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin idarə heyətinin sədri V.Kərimli Milli Qurtuluş Gününün müasir dövlətçilik tarixi baxımından önəmini qeyd edib. Ölkəmizin bugünkü tərəqqisinin və gələcək inkişafının ulu öndər Heydər Əliyevin tarixi qayıdışından qaynaqlandığını vurğulayıb. İdarə heyətinin sədri bu möhtəşəm qayıdışın Azərbaycan xalqının istəyinin və iradəsinin parlaq ifadəsi olduğunu diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsinin ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət etdiyini deyib. Bildirib ki, şəhər nəqliyyatının, xüsusən də ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsi də bu siyasətin məntiqi davamıdır.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri T.Tağıyev isə ulu öndər Heydər Əliyevin çətin zamanlarda xalqının xilaskarı olduğunu və dahi şəxsiyyətin apardığı uğurlu siyasət nəticəsində hazırda Azərbaycanın regionun ən qüdrətli dövlətinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin tərəqqisində əvəzedilməz rol oynayır.
Tədbirdə Bakı Nəqliyyat Agentliyinin Yeni Azərbaycan Partiyasına üzv olan bir sıra əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib. Agentliyin şöbə müdiri Orxan Süleymanov isə təşəkkürnamə ilə təltif edilib. O.Süleymanov mayın 10-12-də Ukraynanın Odessa şəhərində Goju-Ryu karate idman növü üzrə ikinci Dünya Kubokunda qızıl medal qazanıb.
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
Daha bir küçədə sürət həddi endirilib
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
ASCO üzrə bu ilin II rübündə təhvil verilən müxtəlif tullantıların həcmi açıqlanıb