×
A
A
A
Sazlamalar

Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb

Bakı, 17 iyun, AZƏRTAC

Bu gün görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovun vəfatından 40 gün ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə bəstəkarın sənət dostları və ailə üzvləri Fəxri xiyabana gələrək Arif Məlikovun məzarını ziyarət edib, qəbri ütünə tər çiçəklər və əklil qoyublar.
Anım mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Arif Məlikovu görkəmli bəstəkar, böyük insan və bənzərsiz şəxsiyyət kimi xarakterizə edib. Deyib ki, onun hər bir əsəri şedevrdir. O, xalq musiqisinə arxalanaraq böyük simfoniyalar, baletlər yaradıb.
Bəstəkarın “Məhəbbət əfsanəsi”nin zirvə əsəri olduğunu deyən F.Bədəlbəyli onun kamera əsərləri, mahnıları, romanslarının da bənzərsizliyindən söz açıb. O bildirib ki, Arif müəllim çox zəhmətkeş bir insan olub, hətta gecələr də işləyib. Bütün bunlarla yanaşı, böyük bir pedaqoq kimi istedadlı bəstəkarlar yetişdirib.
Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarın tələbəsi Ceyhun Allahverdiyev və başqaları çıxış edərək Arif Məlikov sənətinin bənzərsizliyindən söz açıblar.
Bildirilib ki, Arif Məlikov səkkiz simfoniyanın, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, teatr tamaşalarına musiqinin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir.
Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur musiqisevərləri öz cazibəsində saxlamaqdadır. Bəstəkarın ümummilli lider Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət" adlı 8-ci simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsidir.
Vurğulanıb ki, dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin bəstəkarlıq məktəbinin davamçısı olan ustad sənətkar uzun illər ərzində Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi bütün səy və bacarığını yeni bəstəkarlar nəslinin yetişdirilməsinə sərf edib.
Arif Məlikovun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.

Mədəniyyət 2019-06-17 13:54:00