×
A
A
A
Sazlamalar

Keçən ay OPEC ölkələrindən neft istehsalını ən çox İran və Səudiyyə Ərəbistanı azaldıb

Bakı, 17 iyun, AZƏRTAC
Mayda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 230 min barrel azalaraq sutkada 29 milyon 950 min barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 580 min barrel təşkil edib. Bununla da, mayda OPEC üzrə ümumi istehsal sutkada 35 milyon 530 min barrel olub.
Hesabat ayında OPEC üzrə neft istehsalının artımı ən çox İraq, Anqola və Küveytdə baş verib. İraqın hasilatı 130 min barrel artımla sutkada 4 milyon 780 min barrel, Anqolada istehsal 40 min barrel çoxalaraq gündəlik 1 milyon 450 min barrel təşkil edib. Küveytin neft hasilatı isə 20 min barrel artaraq sutkalıq 2 milyon 710 min barrelə yüksəlib.
OPEC-ə üzv ölkələrdən mayda neft istehsalı ən çox azalan ölkələr İran və Səudiyyə Ərəbistanı olub. İranın hasilatı 210 min barrel geriləyərək sutkada 2 milyon 400 min barrel, Səudiyyə Ərəbistanının istehsalı isə 110 min barrel azalaraq gündəlik 9 milyon 700 min barrel təşkil edib.

Neft - qaz 2019-06-17 13:52:00