×
A
A
A
Sazlamalar

Gürcüstanın Qardabani rayonunda 40-dan çox infrastruktur layihəsi reallaşdırılacaq

Tbilisi, 16 iyun, AZƏRTAC

Gürcüstan hökuməti azərbaycanlılar yaşayan bölgələrdə infrastruktur layihələri həyata keçirəcək.
Belə regionlardan biridi də azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonudur. Qardabani rayonunda 40-dan çox infrastruktur layihəsi reallaşdırılacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinə Qardabani rayonundan deputat seçilmiş Savalan Mirzəyev söyləyib.
Onun sözlərinə görə, artıq bununla əlaqədar Qardabani bələdiyyəsində keçirilən görüşdə müzakirələr aparılıb.
Həmin görüşdə dövlətin maliyyələşdirdiyi kəndlərə dəstək proqramı çərçivəsində rayonda reallaşdırılacaq layihələr bir daha nəzərdən keçirilib.
S.Mirzəyev deyib ki, Gürcüstan hökuməti Qardabanidə həyata keçiriləcək layihələr üçün maliyyəni iki dəfə artıraraq 662 min lariyə çatdırıb (təxminən 240 min ABŞ dolları). Bu vəsait hesabına kəndlərdə yerləşən məktəb, stadion, bağça, mədəniyyət evləri, park və bağlarda təmir-bərpa işləri aparılacaq.
“İnfrastruktur layihələrin icrasına iyunun 20-də başlanılacağı və avqustun 20-də başa çatdırılması nəzərdə tutulub”, - deyə S.Mirzəyev vurğulayıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2019-06-16 07:46:00