×
A
A
A
Sazlamalar

Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib VİDEO

Bakı, 15 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
DİN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra Ulu Öndərin zəngin həyat yolundan və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev Ulu Öndərin Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, ölkəmizin son 50 illik tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Liderin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində gördüyü işlərdən bəhs edən akademiyanın rəisi dahi rəhbərin bütün həyatını xalqının xilasına, tərəqqisinə və xoşbəxtliyinə həsr etdiyini bildirib.
Qeyd edilib ki, 1993-cü ilin yayında Azərbaycan parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Ulu Öndərin ali hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi. 15 iyun - Milli Qurtuluş Günündən başlayan sürətli inkişaf yolu bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
DİN-in Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev müstəqilliyin formal olaraq bəyan edilməsindən sonra ölkəmizdə qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının qorunmasında ciddi problemlərin yarandığını, xüsusən 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün hakimiyyəti silahlı yolla qəsb etməsindən sonra sonuncuların siyasi səriştəsizliyi, qətiyyətsizliyi nəticəsində Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə yarandığını, bunun xaosa, etnik separatizmə, vətəndaş qarşıdurmasına gətirib çıxardığını xatırladıb, həmin dövrü xarakterizə edən, özünün də şahidi olduğu bir sıra neqativ faktlar, mənfi tendensiyalar barədə təəssüratlarını bölüşüb. O, Ulu Öndərin ali hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin, əmin-amanlığın bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini, bütün sahələrdə əsaslı islahatlara başlanıldığını, ictimai-siyasi stabilliyin bərqərar olduğunu xüsusi vurğulayıb.
Daha sonra çıxış edənlər Ulu Öndərin ideyalarını uğurla həyata keçirən, onun layiqli davamçısı olan Prezident İlham Əliyevin respublikamızın davamlı inkişafı üçün gördüyü böyük quruculuq işlərindən, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsindən söz açıblar.

Cəmiyyət 2019-06-15 17:40:00

Video