×
A
A
A
Sazlamalar

Qobu qəsəbəsinin qaz təsərrüfatında görülən işlər uğurla icra olunur

Bakı, 14 iyun, AZƏRTAC

Qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Abşeron rayonu Qobu qəsəbəsində əhali istehlakçılarının mənzillərində istismar müddəti başa çatmış məişət qaz sayğaclarının yenisi ilə əvəz olunması işləri və istismara yararsız vəziyyətdə olan qaz avadanlıqlarının və boru xətlərinin yeniləri ilə əvəz edilməsi işləri uğurla icra olunur.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəzlənməsi, quraşdırılan sayğacların kipliyə yoxlanıldıqdan sonra yivli birləşmələrinin plomblanması və dəyişdirilən qaz xətlərinin rənglənməsi işləri aparılır.
Belə ki, tərtib edilmiş layihəyə uyğun olaraq qəsəbədə 2500 yeni qaz sayğacının əymə üsulu ilə yeni çəkilmiş xətlərin üzərinə quraşdırılması nəzərdə tutulur ki, artıq bu günə 500-dən artıq yeni sayğac quraşdırılıb.
Qəsəbə ərazisində aparılan yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan istehlakçıların tələb olunan təzyiqdə, keyfiyyətli və dayanıqlı təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
Qeyd edək ki, abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür. Bakı şəhərində və ətraf qəsəbələrdə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması istiqamətində işlərin icrası davam etdirilir. Dinamik artan qaz tələbatını və qaz təchizatı şəbəkəsinin mövcud texniki vəziyyətini nəzərə almaqla qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi, əhali abonentlərində dövlət yoxlaması vaxtı bitmiş qaz sayğaclarının yeni nəsil “smart-kart” qaz sayğacları ilə əvəz olunması istiqamətində intensiv işlər aparılır.

Neft - qaz 2019-06-14 17:29:00