×
A
A
A
Sazlamalar

15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsi tarixidir

“Modern İnkişaf və Ailə” İctimai Birliyi Milli Qurtuluş Gününə həsr olunan tədbir təşkil edib

Bakı, 13 iyun, AZƏRTAC
15 iyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir. Bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi süquta uğratmaq planlarının məhv olması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Modern İnkişaf və Ailə” İctimai Birliyinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbiri açan “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı böyük xidmətlərindən danışıb. Bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox dəyərlidir. Bu gün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir tarixdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsi tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa-dayaq olan bir insan – xalqımızın ulu öndəri Heydər Əliyevdir.
Tarixi şəxsiyyət olan Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, Ulu Öndər o zamankı hakimiyyətin ona qarşı həyata keçirdiyi təxribatlara, qarayaxma kampaniyasına baxmayaraq, xalqımızın ən ağır günlərində onun köməyinə çatdı. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı. Məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin Prezidenti seçdi. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı.
Zərifə Quliyeva qeyd edib ki, müasir müstəqil Azərbaycanın ilk Konstitusiyasının yaradıcısı olan Heydər Əliyev demokratik hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının bərqərar olunması üçün əsaslı zəmin yaratdı. Ulu Öndərin əsasını qoyduğu bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə öz yeri və nüfuzu olan ölkəyə çevrilib.
Milli Məclisin deputatları Elmira Axundova və İlham Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Bakı Dövlət Universitetinin Qafqaz xalqlarının tarixi kafedrasının müdiri İradə Hüseynova və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən danışıblar. Qeyd edilib ki, 26 il bundan əvvəl iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu. Həmin gündən Heydər Əliyev ölkədə baş verən prosesləri nəzarətə götürdü və vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi nəticəsində Azərbaycan xaosdan qurtuldu, inkişaf etməyə başladı. Həmin gün Azərbaycanda, sözün əsl mənasında, böyük qurtuluş günü oldu. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra qısa bir zaman kəsiyində ölkədə sabitlik bərpa edildi, cəbhədə sakitlik yarandı, atəşkəs əldə olundu. Xalqımız firavan həyat tərzi sürməyə başladı, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycan dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən gündən-günə inkişaf etdirilir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri tərəfindən tərəfdaş kimi qəbul olunur. Xalqımız bu firavan və xoşbəxt həyat üçün daim öz Ümummilli Liderinə minnətdar olacaq, onun əziz xatirəsini böyük hörmətlə anacaq.
Tədbir bədii hissə ilə davam edib.

Daxili siyasət 2019-06-13 19:40:00