×
A
A
A
Sazlamalar

Qazaxda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilir

Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qazax Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda keçirilən ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, dini icma sədrlərinin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov Qazax rayonundakı dini durum barədə məlumat verib. O, eyni zamanda, rayonda dindarlara göstərilən diqqət və qayğıdan danışıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Sədrin birinci müavini vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, dini, sosial, iqtisadi və elmi-mədəni həyatında dönüş yarandı, eləcə də beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Azərbaycandakı dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider tərəfindən qoyulduğunu diqqətə çatdıran Səyyad Salahlı vurğulayıb ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
DQİDK sədrinin birinci müavini respublikamızda mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyinin göstərildiyini bildirib. Onun sözlərinə görə, din xadimlərinə maddi dəstəyin göstərilməsi, xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə İlahiyyat İnstitutunun, həmçinin Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bütün bunların bariz nümunəsidir.
Dövlət Komitəsi sədrinin birinci müavini, eyni zamanda, gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini ekstremizmlə mübarizədə fəal olmalarının vacibliyini vurğulayıb.
Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filmi nümayiş olunub.
Seminar-müşavirə iyunun 14-də öz işini müzakirələrlə davam etdirəcək.

Din 2019-06-13 18:29:00