Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Avstriyaya səfər edəcək

Bakı, 13 iyun, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 16-21-də Avstriyada səfərdə olacaq. Səfər müddətində Vyana şəhərində bir sıra görüş və tədbirlərin keçirilməsi nəzərdə tutulur.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, A.Paşazadə iyunun 17-də KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzinin üzvü olduğu Direktorlar Şurasında BMT-nin baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miguel Moratinos ilə görüşəcək, iyunun 18-də isə Direktorlar Şurasının növbəti sessiyasında iştirak edəcək. Tədbir çərçivəsində şeyxülislamın çıxışı nəzərdə tutulub.
İyunun 19-da Vyana şəhərinin “Hofburq” sarayında QMİ nəzdində Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi, KAİCİİD Beynəlxalq dinlərarası və mədəniyyətlərarası dialoq Mərkəzi, Cenevrə İnsan hüquqları və qlobal dialoq Mərkəzi və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəmindən, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb etməsindən irəli gəlir.
Tədbirdə dünyanın 30-dan artıq ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimlərinin, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərlərinin, o cümlədən, BMT baş katibinin müavinləri - M.Moratinos və R.Xalikovun, Avstriya tərəfdən Federal Hökumətin və parlamentinin nümayəndələrinin, habelə Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri daxildirlər. Səfər çərçivəsində Avstriya rəsmiləri ilə görüşlər planlaşdırılır.
Konfransın əsas müzakirə mövzuları sırasında “Sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” kimi aktual mövzular yer alıb.

Din 2019-06-13 15:34:00