Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutunda 15 iyun – Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 12 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
RPİ-dən AZƏRTAC-a bildirilib ki, institutun Qadınlar Şurasının və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının qadınlar şuralarının rəhbərləri iştirak ediblər.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, əldə olunan nəticələr və qurumun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. O, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının dövlətimizin, müstəqilliyimizin tarixinə Milli Qurtuluş Günü kimi daxil olduğunu söyləyib.
Milli Məclisin deputatı Qənirə Paşayeva dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan xalqının çağırışı ilə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi.
Q.Paşayeva ümummilli lider Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı onun örnək davranışlarından, vətənpərvərliyindən danışıb, həmçinin həmin səfərlər zamanı Ulu Öndərin təbliğ etdiyi azərbaycançılıq ideologiyası, göstərdiyi Vətən sevgisi haqqında şahidi olduğu xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
RPİ-nin Qadınlar Şurasının sədri, elmi işlər üzrə direktor müavini, dosent Rəvan Mehdiyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin müasir dövlətçilik tariximizdə müstəsna xidmətlərindən, ölkəmizdə elmin inkişafına və alimlərimizin sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıb.
Vurğulanıb ki, Ulu Öndərin ölkə həyatının bütün sahələrində icra olunan islahatları bu gün inkişaf edən Azərbaycan gerçəkliyidir. Onun istər əvəzolunmaz şəxsi keyfiyyətləri, istərsə də Azərbaycan naminə yorulmaz fəaliyyəti tariximizin ayrılmaz hissəsini təşkil edir.
Tədbirdə fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova, doktorant Fərqan Əsədov 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə gənc alimlərin yetişdirilməsi, onlara diqqət və qayğı göstərilməsi, qadınların cəmiyyətdəki rolunun yüksəldilməsi, hüquq və maraqlarının təmin olunması, onların fiziki, mənəvi və intellektual potensialının, hörmət və diqqətin artırılması, sosial müdafiəsinin möhkəmləndirilməsi, həmçinin ailə, qadın və uşaqların mühafizəsi istiqamətində mühüm işlər görüldüyünü bildiriblər.
AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Elm və təhsil 2019-06-12 19:34:00