Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xanlar Fətiyev: 15 iyun Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu

Gəncə, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya qayıtmasaydı, Gəncə hadisələri zamanı qardaş qırğınının qarşısını almasaydı bu gün Azərbaycanın müstəqilliyi sual altında qalardı. O zaman dahi şəxsiyyət heç bir çətinlikdən qorxmayaraq, həyatını riskə ataraq Gəncəyə getdi. Hadisələrə düzgün və real qiymət verilməsi üçün o zaman şəxsən qiyamçılarla görüşdü. Daha sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Həmin çətin və ağır anlarda Ümummilli Liderin proseslərə müdaxiləsi dərhal öz təsirini göstərməyə başladı və xalqda ölkənin xilas olacağına böyük ümid və inam yaratdı.
Bu fikirləri Milli Məclisin deputatı Xanlar Fətiyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Xanlar Fətiyev bildirib ki, 26 il bundan əvvəl iyunun 15-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu. Həmin gündən Heydər Əliyev Azərbaycanın ikinci rəsmi şəxsi statusu ilə ölkədə baş verən prosesləri nəzarətə götürdü və vətəndaş müharibəsinin, qardaş qırğınının qarşısını aldı. Dahi şəxsiyyətin uzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi nəticəsində Azərbaycan xaosdan qurtuldu, inkişaf etməyə başladı. Həmin gün Azərbaycanda, sözün əsl mənasında, böyük qurtuluş günü oldu.
Deputat vurğulayıb ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, xalqımızın tarixini özünə qaytardı, inamını artırdı. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra qısa bir zaman kəsiyində ölkədə sabitlik bərpa edildi, cəbhədə sakitlik yarandı, atəşkəsə əməl olundu. Bu mərhələdən sonra xalqımız firavan həyat tərzi sürməyə başladı, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.
“Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dahi şəxsiyyətin layıqlı davamçısı Prezident İlham Əliyev tərəfindən gündən-günə inkişaf etdirilir, gözəlləşir, güclənir. Heydər Əliyevin möhtəşəm Azərbaycan arzuları bu gün reallaşır. Ölkəmiz artıq dünyanın inkişaf etmiş böyük dövlətləri tərəfindən tərəfdaş kimi qəbul olunur. Xalqımız bu firavan və xoşbəxt həyat üçün daim öz Ümummilli Liderinə minnətdar olacaq, onun əziz xatirəsini böyük hörmətlə anacaq”, - deyə Xanlar Fətiyev qeyd edib.

Regionlar 2019-06-12 19:17:00