×
A
A
A
Sazlamalar

Gəncədə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib

Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi seminar-treninqi giriş sözü ilə açan rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Heydər Bəylərov mövzunun əhəmiyyətindən danışıb. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən rayonun işğal edildiyini qeyd edən Heydər Bəylərov bildirib ki, işğala qədər rayon ərazisində 30-dan artıq məscid, kilsə, 6 ziyarətgah mövcud olub. Təəssüf ki, ermənilər işğal etdikləri ərazilərdəki, o cümlədən Kəlbəcərdəki qədim Azərbaycan abidələrini məhv edirlər.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmin yaranma səbəbləri və onunla mübarizə metodlarından danışıb. Sədr müavini, eyni zamanda, deyib ki, dini inanc sistemi əxlaqi və mənəvi dəyərlər çərçivəsindən çıxıb, siyasi bir ideologiyaya çevriləndə, eləcə də geniş bir kütlə tərəfindən dəstəklənən siyasi bir təşkilatlanma şəklində təzahür edəndə dini radikalizm meydana gəlir. Onun sözlərinə görə, din və siyasətin birləşməsi birinci növbədə dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsinə gətirib çıxarır. “Dinin ilkin hədəf və məqsədi insanların ruhi saflığı və mənəvi tərbiyə vasitəsi olduğuna görə, onun siyasi alətə çevrilməsinə yol vermək olmaz”,- deyə komitə sədrinin müavini əlavə edib.
Azərbaycanın unitar, hüquqi, demokratik və dünyəvi dövlət olduğunu bildirən G.İsmayılovun sözlərinə görə, respublikamızda dünyəvilik Konstitusiyada öz əksini tapıb. Sədr müavini onu deyib ki, dövlət dindən ayrı olsa da, dindar dövlətdən ayrı deyil. Hər bir dindar dövlətimizin qayğısı ilə əhatə olunub. Bildirilib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir.
Seminar-treninq iyunun 13-də öz işini müzakirələrlə davam etdirəcək.

Din 2019-06-12 19:05:00