Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AMEA-nın Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin ümumi yığıncağı keçirilib. Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yığıncağı giriş sözü ilə açan akademik Fəxrəddin Qədirov iştirakçılara gündəlikdəki məsələlər haqqında məlumat verib.
İlk olaraq AMEA-nın Geologiya və Geofizika İnstitutunun baş elmi işçisi, geologiya-mineralogiya elmləri doktoru Məcid Bağmanovun “Naxçıvan Muxtar Respublikasının eosen ekosistemləri və nefti” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Naxçıvan Muxtar Respublikası ərazisində neftin mövcudluğunun stratiqrafiq və paleontoloji aspektlərindən bəhs olunub.
Mövzu ətrafında müzakirə aparılıb, suallar cavablandırılıb.
Daha sonra akademik Fəxrəddin Qədirov AMEA Rəyasət Heyətinin “AMEA-nın professoru” elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında qərarından danışıb. Bildirib ki, sənədin icrasından irəli gələrək müsabiqədə iştirak edən namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət ekspert qrupu yaradılıb və yer elmləri üzrə elmlər doktoru Qulam Babayevin namizədliyi müəyyənləşdirilib.
Sonra bölmə üzrə müxbir və həqiqi üzvlərin iştirakı ilə gizli səsvermə keçirilib. Nəticələrin təsdiqi və Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
Tədbirdə bir sıra kadr və cari məsələlər müzakirə edilib.

Elm və təhsil 2019-06-12 18:48:00