Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ruslan Süleymanov özü, «Paxlava Production» layihəsi və onun yeni buraxılışları haqqında

Moskva, 12 iyun, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbə və məzunlarının – Ruslan Əhmədov, Nüşabə Kərimli və Ruslan Süleymanovun “YouTube” kanalında «Paxlava Production» layihəsinin ilk buraxılışı bu ilin fevralında təqdim olunub. O vaxtdan etibarən gənclər 15 müsahibə çəkiblər və artıq 12-ni efirə buraxıblar. Layihənin yaradıcıları hazırda Rusiyada yaşayan və işləyən ən parlaq və tanınmış azərbaycanlılardan və əslən Azərbaycandan olan şəxslərdən müsahibələr götürürlər.
AZƏRTAC-ın müxbiri kanalın müəlliflərindən biri – Ruslan Süleymanovla söhbət edib.
-Ruslan, sizi yaxından tanımaq agentliyimizin oxucuları üçün maraqlı olardı. Özünüz barədə məlumat verə bilərsinizmi?
-Mən 1994-cü ildə İrkutsk şəhərində anadan olmuşam. Atam əslən Azərbaycandan, Bakının Lökbatan qəsəbəsindəndir, anam isə sibirlidir. Atam 1990-cı illərin əvvəlində qazanc dalınca Sibirə gəlib. Burada qalıb və ömrünün, demək olar, böyük hissəsini İrkutskda yaşayır.
Mən 13-14 yaşına qədər öz köklərim və mənşəyim barədə ümumiyyətlə düşünməmişəm. Lakin 2008-ci ildə ilk dəfə atamın Vətənində olandan sonra başa düşmüşəm ki, Azərbaycan dilini, tarixini, mədəniyyətini və bu gözəl ölkə ilə bağlı hər şeyi öyrənmək istəyirəm. Qayıdandan sonra lüğətlər, kitablar, dərsliklər sifariş etməyə və Azərbaycanı yaxından öyrənməyə başlamışam.
Təqribən doqquzuncu sinifdən başlayaraq Ümumrusiya Azərbaycanlıları Konqresinin İrkutsk vilayəti bölməsinin işinə cəlb olunmuşam. Azərbaycan mədəniyyətini təqdim etmək, müxtəlif təqdimatlar keçirmək və milli rəqslər ifa etmək və s. üçün şəhər və vilayət səviyyəli müxtəlif tədbirlərdə iştirak etmişəm.
Moskvaya gəlib MDU-nun dünya siyasəti fakültəsinə daxil olandan sonra da Azərbaycana marağım azalmayıb. Mən MDU-nun Azərbaycan Klubunun işində iştirak etməyə başlamışam. Məsələn, ölkənin ən qabaqcıl ali məktəbində iki dəfə Azərbaycan mətbəxi günü təşkil edə bilmişəm. Bundan əlavə, dostum Ruslan Əhmədovla (“Paxlava Production”da o da iştirak edir) “Nə? Harada? Nə vaxt?” komandası yaratmışıq. Komandamız müxtəlif turnirlərdə, o cümlədən RAGB Kuboku uğrunda turnirlərdə dəfələrlə mükafatlı yerlər tutub.
Müxtəlif nəşrlərdə vaxtaşırı olaraq Azərbaycanla bağlı məni narahat edən mövzularda məqalələrim dərc olunur. Məsələn, Beynəlxalq İşlər üzrə Rusiya Şurasının saytında “Azərbaycanlılar: milli mənlik şüuru axtarışında”, “Rossiya i islamskiy mir” bülletenində “Azərbaycan dövlətçiliyində türk amili” və s.
Mən ixtisasca şərqşünas-ərəbşünasam. Bu il M.V.Lomonosov adına MDU-nun dünya siyasəti fakültəsinin magistraturasını bitirmişəm və artıq iki ilə yaxındır TASS agentliyində xarici ölkələrlə əlaqələr istiqamətində çalışıram.
-Nə üçün layihənizi “Paxlava Production” adlandırmısınız?
-Biz layihənin adını uzun-uzadı müzakirə etmişik. Hesab edirik ki, kanalın adı həm Azərbaycanı xarakterizə edən, eyni zamanda, rusiyalıya tanış olan element, həm də müasirliyin təcəssümü olan müəyyən element daşımalıdır ki, “production” sözü də özündə müasirliyi ehtiva edir.
-Layihənizdə neçə nəfər çalışır?
-Əvvəlcə üç nəfər idik: mən, Ruslan Əhmədov (tarix fakültəsini bitirib) və Nüşabə Kərimli (bu il jurnalistika fakültəsini bitirib). Üçümüz də MDU-nun məzunuyuq. Layihənin formatını, konsepsiyasını, loqotipini və bir çox digər detallarını birlikdə düşünüb tapmışıq.
Kanalın ilk buraxılışları təqdim olunandan sonra bəzən yeknəsəq və yorucu olan gündəlik iş başlandı. Hər birimiz özü üçün prioritetlər seçməyə, ailə, karyera, təhsil və layihə arasında seçim etməyə başladı. Daim diqqətin cəmlənməsini, gözlənilməz hadisələrə hazır olmağı və böyük səbir tələb edən bu layihə nə qədər pafoslu səslənsə də, fədakarlıq tələb edir. Buna hər birimiz hazır deyildik. İlk buraxılışın təqdimatından təqribən iki ay sonra mən layihəyə yeni gənclər cəlb etməyə başladım. İndi onların hər biri müəyyən istiqamətə, o cümlədən sosial şəbəkələrə, reklama, ictimaiyyətlə əlaqələrə və s. cavab verir.
Hazırda layihədə altı nəfər çalışır. Yuxarıda adları çəkilənlərlə yanaşı, Cəmilə Atakişiyeva, Nərgiz Həsənzadə və Orxan Qafarov. Yeri gəlmişkən, bu gənclər də MDU-nun yetirmələridir. Bundan əlavə, biz operator, montajçı, qrim ustası, tərtibatçını kənardan cəlb edirik.
-Qəhrəmanlarınızı hansı meyarla seçirsiniz?
-Əvvəlcə sadəcə müsahibə verməyə razı olanlarla işləyirdik. Hər hansı məqsədimiz və məhdudiyyətimiz olmayıb: Azərbaycana aidiyyəti olan və Rusiyada müəyyən uğur qazanmış hər kəs maraq doğurur. Dalbadal bir neçə müsahibəmiz (Fuad Abbasov, Səadət Qədirova və başqaları) faktiki olaraq Rusiyadakı Azərbaycan diasporunun problemlərinə həsr olunmuşdu. Sonra Rövşən Əsgərovdan və Elçin Əzizovdan müsahibə götürdük.
Tematik müsahibələr də oldu: məsələn, qastrol turu ərəfəsində Yuliya Əhmədova və Avropa Liqasının Bakıdakı final matçında elçi qismində iştirak edən Aleksandr Səmədov ilə.
-Müsahibə götürmək asan iş deyil. Bəzi qonaqlarınız, məsələn, Mixail Qusman və Səadət Qədirova özləri jurnalistdir. Çətin deyil ki?
-Müsahibəyə, özü də Mixail Qusman və Səadət Qədirova kimi təcrübəli jurnalistlərlə müsahibəyə hazırlaşanda, ilk növbədə, təkrarlanmaqdan çəkinirsən, onlara eyni sualları verməməyə çalışırsan. Yəqin ki, bu, əsas çətinliyimizdir. Lakin prosesə aludə olandan sonra çətinlikləri unudursan, sadəcə işləyirsən ki, hər yeni müsahibə ən azı əvvəlkindən pis olmasın.
-Bəziləri deyirlər ki, “YouTube” jurnalistika deyildir. “YouTube” KİV-lər haqqında qanuna tabe deyil. Bəs siz bu barədə nə düşünürsünüz?
-Hesab edirəm ki, əgər iş, istər araşdırma, istər müsahibə, istərsə də başqa bir şey olsun, jurnalistika nöqteyi-nəzərindən keyfiyyətlə yerinə yetirilibsə, onun hansı platformada təqdim olunmasının heç bir fərqi yoxdur. “YouTube” azad məkandır. Burada heç bir maneə, heç bir senzura yoxdur. Zənnimcə, onu, ilk növbədə, elə bu cəhəti dəyərli edir.
-Formatınıza yenilik etmək barədə düşünmüsünüzmü? Məsələn, skaypla Azərbaycandakı tanınmış insanlardan müsahibə götürmək istərdinizmi?
-Əlbəttə, istərdik. Başqa formatlar üzrə müəyyən layihələrimiz var: məsələn, Avropa ölkələrində və ABŞ-da yaşayan azərbaycanlılardan müsahibə götürmək. Azərbaycanda, Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlıları narahat edən aktual mövzular ətrafında bir növ ictimai müzakirələrə bənzəyən formatla bağlı düşüncələrimiz var.
-Mən başa düşürəm ki, jurnalistin növbəti qəhrəmanı material işıq üzü görənə qədər onun saxladığı sirdir. Bizim üçün istisna edib buraxılışınızın növbəti qəhrəmanı barədə oxucularımıza məlumat verə bilərsinizmi?
-İndi biz üç müsahibə üzərində işləyirik. Üç gün ərzində bir–birinin ardınca “YouTube”da yerləşdiriləcək bu müsahibələr yeni layihələrimizdən birinin - Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlılar haqqında reportajlar hazırlamaq layihəsinin sınaq variantlarıdır. Hər üç müsahibə Sankt-Peterburqda götürülüb. Şəksiz ki, Şimal paytaxtında məşhur azərbaycanlıların və əslən Azərbaycandan olanların sayı az deyil. Ümid edirik ki, onlarla da söhbətlər aparacağıq. Amma ilk üç qəhrəmanımız Heydər İmanov, Niyazi Niyazov və Yunis Teymurxanlıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2019-06-12 17:59:00