Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Səkinə Babayeva: Biz qadınlar bugünkü mövqeyimizə görə ulu öndər Heydər Əliyevə borcluyuq

Bakı, 12 iyun, AZƏRTAC

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Bu sözləri AZƏRTAC-a Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva deyib.
O bildirib ki, milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ümummilli Lider böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
“Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərəçarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başladı. Belə ki, həmin il Azərbaycan Prezidenti Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar Milli Komitə yaradılması haqqında Fərman imzaladı və Azərbaycan qadınları bu konfransda ləyaqətlə təmsil olundu”.
“Biz qadınlar bugünkü mövqeyimizə görə ulu öndər Heydər Əliyevə borcluyuq”, - deyən S.Babayeva vurğulayıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev dahi şəxsiyyətin siyasətini uğurla davam etdirir.

İqtisadiyyat 2019-06-12 17:54:00