Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Donor günü ərəfəsində Sumqayıtda qanvermə aksiyası

Sumqayıt, 12 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Texnologiyalar Parkının (STP) inzibati binasında yerləşən Tibb Məntəqəsində 14 iyun - Beynəlxalq Donor Günü münasibətilə qanvermə aksiyası keçirilib. Aksiya Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə keçirilən aksiyada müəssisənin əməkdaşları iştirak edib. Əvvəlcə Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub. Onlardan ümumi qan analizi götürülərək sağlamlıq durumu yoxlanılıb, donor kimi aksiyada iştirakı müəyyənləşdirilib.
Hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən aksiyada 200-ə yaxın STP əməkdaşı iştirak edib. Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin könüllüləri aksiyaya qatılan donorlara qulluq göstəriblər.

Regionlar 2019-06-12 17:35:00