Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 15-də Milli Onkologiya Mərkəzində (MOM) Milli Qurtuluş Gününə, həmçinin MOM-un nəzdində yaradılmış İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin 5 illiyinə həsr olunmuş “İnvaziv diaqnostika və müalicə: bu gündən sabaha” adlı beynəlxalq konfrans keçiriləcək.
Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə yerli həkimlərlə yanaşı, Türkiyə və Rusiyadan dəvət olunmuş tibb mütəxəssisləri də bu sahədə ən son elmi və praktiki təcrübələri ilə paylaşacaqlar. Konfransda həkim və mütəxəssislərlə tibbin bu sahəsinin ən aktual məsələləri müzakirə olunacaq və cərrahi əməliyyat otaqlarından bir sıra əməliyyatlar da birbaşa olaraq yayımlanacaq.
Konfransda Türkiyənin Koç Universitet Xəstəxanasından professor Çil Barbaros Erhan, dosent Aslan Fatih və Rusiyadan N.N. Petrov adına “Milli Onkoloji Tibbi Tədqiqat Mərkəzi”nin Endoskopiya şöbəsinin rəhbəri Oleq Tkaçenko çıxış edəcəklər.
Tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 8 kredit vahidi verilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Səhiyyə 2019-06-12 17:05:00