Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Vüsal Qasımlı: Dünya Bankının Ankaradakı konfransında Azərbaycanın təqdimatları maraqla qarşılanıb VİDEO

Ankara, 12 iyun, AZƏRTAC
Dünya Bankının Ankarada “Dövlət İdarəçiliyi ilə bağlı Regional Konfrans Səmərəli, Hesabatlı və İnklüziv İnstitutların yaradılması” mövzusunda təşkil etdiyi tədbirdə Azərbaycan nümayəndələrinin təqdimatları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu sözləri AZƏRTAC-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı sözügedən konfransın nəticələrini şərh edərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi tədbir iştirakçılarını ölkəmizdə həyata keçirilən üç mühüm inkişaf istiqaməti barədə məlumatlandırıb. Bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən Strateji Yol xəritələri, o cümlədən monitorinq və qiymətləndirmə, məhkəmə və hüquq islahatları, neft gəlirlərindən səmərəli istifadə edilməsidir. İştirakçılara bildirilib ki, bu islahatlar nəticəsində ölkəmizdə bütün istiqamətdə inkişaf təmin olunub, əhalinin rifahı yüksəlib, biznes mühiti şəffaflaşdırılıb, həmçinin iqtisadiyyatın çoxşaxəli inkişafı təmin edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda monitorinq və qiymətləndirmə institutu strateji idarəetmənin tərkib hissəsi kimi formalaşdırıldığını diqqətə çatdıran V.Qasımlı bildirib ki, ölkəmizdə qəbul edilən ortamüddətli xərclər çərçivəsi, büdcə qaydaları ilə birlikdə monitorinq və qiymətləndirmə proqram əsaslı idarəetməni təmin edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi monitorinq və qiymətləndirmə çərçivəsində donor koordinasiyasını da həyata keçirir. Hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə mexanizmi Dünya Bankının “Transformasiya dəyişikliklərinin qiymətləndirilməsi mükafatı”na namizədlərdən biridir.
Türkiyə Prezident Administrasiyasının ev sahibliyi ilə keçirilən konfransda Avropa İttifaqı, Orta Asiya və Cənubi Qafqaz ölkələrinin, Dünya Bankı başda olmaqla nüfuzlu maliyyə qurumlarının, eləcə də BMT-nin bir sıra proqramlarının təmsilçiliyi ilə 400-dən çox nümayəndənin fəal iştirak etdiyini diqqətə çatdıran İİTKM-in icraçı direktoru V.Qasımlı deyib ki, Azərbaycan tərəfinin təqdim etdiyi mövzular ətrafında ciddi müzakirələr aparılıb, ölkəmizdə həyata keçirilən islahatların mahiyyəti və nəticələri yüksək dəyərləndirilib. Azərbaycan tərəfi əldə etdiyi təcrübəni və hədəfləri barədə məlumatları bölüşməyə hazır olduğunu ifadə edib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

İqtisadiyyat 2019-06-12 15:40:00

Video