Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin illik konfransında həmyerlimiz də iştirak edib

Tokio, 12 iyun, AZƏRTAC

Əslən azərbaycanlı, Yaponiyanın “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısı, LCD texnologiyaları sahəsində tanınmış mütəxəssis Xəlil Kələntər İnformasiya Displeyləri Cəmiyyətinin (SID) bu günlərdə ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərində keçirilmiş 56-cı beynəlxalq simpozium, sərgi və seminarında iştirak edib.
Tədbir barədə təəssüratlarını AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən alim bildirib ki, SID dünyanın ən böyük displey texnologiyaları cəmiyyətidir. Cəmiyyətin builki tədbirində dünyanın 40-a yaxın ölkəsindən 8 minədək tədqiqatçı iştirak edib. Elmi dairələr arasında daha çox “Display Week” adı ilə tanınan tədbir displeylər sahəsində ən qabaqcıl tədqiqatçıları cəlb edərək bu sahədə ən son yeniliklərlə tanışlıq imkanı yaradır.
Cari ildəki sərginin də uğurlu alındığını qeyd edən X.Kələntər bildirib ki, həm sponsorların, həm də eksponatların sayının xeyli artdığı bunu deməyə əsas verir. Digər tərəfdən gələn il üçün nəzərdə tutulan həftə ilə əlaqədar sərginin sahəsinin 75 faizi artıq bronlaşdırılıb. Bundan əlavə, sərgiyə milli və beynəlxalq kütləvi-informasiya vasitələrinin, analitiklərin artan diqqəti bu sahədə yeni texnologiyalara olan böyük marağı təsdiq edir.
Budəfəki toplantıda 700-dək alimin yeni texnologiyalar sahəsində əldə etdikləri nəticələr barədə məruzələrlə çıxış etdiyini bildirən X.Kələntər deyib ki, burada yeni məhsullara və innovasiyalara aid sərgi də iştirakçılara təqdim olunur.
Cəmiyyətin displey sistemləri üzrə proqram komitəsinin üzvü olan həmyerlimiz vurğulayıb ki, konfrans üçün məruzələri məhz həmin komitə bütün dünya üzrə müxtəlif universitetlərdən və şirkətlərdən təqdim edilən məruzələr arasından seçir. Komitənin yanvar iclası zamanı seçilən məruzələr cəmiyyətin may və ya iyun ayında təşkil olunan konfransının sessiyalarında müzakirəyə çıxarılır. Cari ildə doktor Xəlil Kələntər konfransın altı sessiyasına sədrlik edib.
Bundan əlavə, həmyerlimiz konfrans çərçivəsində təşkil olunan əcnəbi məruzəçilərin simpoziumuna da rəhbərlik edib.
Xəlil Kələntər 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikroreflektorlu və mikrodeflektorlu optik lövhələr yaradıb. Bununla yanaşı, o, işıqla yönləndirilən mikrostrukturlu funksional optik lövhələrin ilk dizayneri, müəllifi və istehsalçısıdır. 2007-ci ilin mayında LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülüb. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan, nüfuzlu İnformasiya Displeyləri Cəmiyyətinin fəxri üzvü seçilib.
Xəlil Kələntər 2013-cü ildə “SID Fellow” mükafatına, 2016-cı ildə isə Yaponiya Maye Kristal Cəmiyyətinin xüsusi mükafatına layiq görülüb. O, artıq 11 ildir ki, IEC-in eksperti qismində çıxış edir və 2018-ci ildə bu beynəlxalq təşkilatın “1906 Qızıl mükafatı”na layiq görülüb. X.Kələntər, həmçinin Yaponiya Standartlar Assosiasiyasının ekspertlər qrupunun üzvüdür.
Bütün bunlarla yanaşı, X.Kələntər həm “Journal of SID” elmi jurnalının xüsusi buraxılışının redaktoru, həm də displey texnologiyaları üzrə Yaponiyada keçirilən beynəlxalq seminarların proqram komitəsinin üzvü kimi çalışır.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Elm və təhsil 2019-06-12 13:45:00