Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Rəqəmsal bacarıqlar” layihəsi uğurla reallaşdırılır

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizdə təhsilə daim xüsusi önəm verildiyini deyib, son illər bu sahədə əldə olunan uğurlardan danışıb. “Rəqəmsal bacarıqlar” layihəsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, beynəlxalq təcrübə öyrənilməklə müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda öz əksini tapıb.
Qeyd edilib ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.
“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov son illər ərzində layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, yeni tədris ilinin başlanğıcından etibarən layihənin 6 şəhərdə (Bakı, Gəncə, Biləsuvar, Sumqayıt, Mingəçevir, Şamaxı) həyata keçiriləcəyini və 120 məktəbin IV-VIII sinif şagirdlərini əhatə edəcəyini söyləyib.
“Alqoritmika” şirkətinin baş direktoru Andrey Lobanov layihənin uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklərdən bəhs edib.
Sonra Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq şirkəti ilə birgə keçirilən “Marsiada-2019” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin əsas məqsədi “Scratch” proqramlaşdırma mühitində V-VI sinif şagirdlərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması, bilik səviyyəsinin qiymətləndirilməsi, onların marağında olan mövzu və qəhrəmanların müəyyənləşdirilməsidir. Müsabiqədə Bakı, Gəncə və Biləsuvar şəhərlərində yerləşən 73 məktəbdən 1024 şagird iştirak edib.
“Alqoritmika” platformasının “Scratch” proqramlaşdırma mühitində məktəblilərin hazırladığı orijinal layihələr müsabiqəyə qəbul edilib. Onların işləri 5 meyar – ideyanın bütövlüyü və layihənin məzmunu; texniki reallaşdırma; yaradıcılıq; qrafik keyfiyyəti; səsin keyfiyyəti əsasında qiymətləndirilib.
“Marsiada-2019” müsabiqəsi 2 əsas - ən yaxşı cizgi filmi, ən yaxşı oyun və 2 xüsusi - ən yaxşı qrafik və səs dizaynları nominasiyaları üzrə keçirilib. İştirakçılardan 28 nəfər qalib olub, 5 nəfər isə müsabiqənin beynəlxalq mərhələsində yer tutub. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılıb.
Tədbirdə, həmçinin ilin yekunlarına əsasən layihənin 15 ən yaxşı müəllimi və 3 ən yaxşı məktəbi mükafata layiq görülüb.

Elm və təhsil 2019-06-12 12:45:00