×
A
A
A
Sazlamalar

Dövlət Neft Fondu neft gəlirlərinin səmərəli idarə olunması və gələcək nəsillər üçün saxlanılmasını təmin edir

Ötən 20 ildə Neft Fondunun gəlirləri 143 milyard dolları, hazırkı aktivləri isə 40 milyard dolları ötüb

Bakı, 11 iyun, Nihad Budaqov, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəmizin siyasi-iqtisadi həyatında taleyüklü dəyişikliklərin əsasını qoydu. Azərbaycanı dərin iqtisadi böhrandan, labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi təxirəsalınmaz tədbirlər görməyə başladı. Azərbaycan iqtisadiyyatının dirçəlişini məhz neft amilində görən Ümummilli Lider uzaqgörən siyasəti ilə dünyanın məşhur neft şirkətlərini də bu işə cəlb etdi. Bu strategiyanın təməlində isə bir ideya dururdu: neftdən əldə olunan bütün gəlirləri, eləcə də həm siyasi, həm də iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltmək. Məhz bu ideyaya söykənən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsinə dair müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı. Bununla da Ulu Öndərin ölkəmizin gələcəyi naminə “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başladı və bu siyasət Azərbaycanın neft ölkəsi adını özünə qaytardı.
Ümummilli Liderin böyük uzaqgörənliklə həyata keçirdiyi neft strategiyasının növbəti mərhələsi isə ölkənin neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə olunması, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Məhz bu məqsədlə Ulu Öndərin 1999-cu il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis olundu.
Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Fondun yaradılması fəlsəfəsinin əsas qayəsini də neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin olunması təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, ölkədə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.
Ulu Öndərin milli neft strategiyası ölkənin neft və qaz gəlirlərinin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi idi. Uzunmüddətli inkişaf proqramı olaraq həyata keçirilən neft strategiyasının əsasını ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə prinsipini təşkil edir. Milli neft strategiyası xarici sərmayənin və təcrübənin cəlb olunmasını, çoxvariantlı ixrac sisteminin yaradılmasını və əldə olunmuş gəlirlərin səmərəli, şəffaf idarə edilməsi və istifadə olunmasını nəzərdə tutur.
Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. İyirmiillik uğurlu fəaliyyəti sayəsində beynəlxalq səviyyədə tanınan fonda çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. Yaradıldığı gündən şəffaflıq Neft Fondu fəaliyyətinin əsas prinsiplərindən birini təşkil edir. Bu şəffaf fəaliyyətin nəticəsi olaraq Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında ilk olaraq məhz Dövlət Neft Fondu 2007-ci ilin mayında “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilib. Bununla yanaşı, ARDNF ötən ilin oktyabrında Suveren Fondlar İnstitutu (SWFI) tərəfindən tərtib olunmuş dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib və dövlət vəsaitlərinin idarə olunması üzrə müxtəlif göstəricilər nəzərə alınmaqla 10-cu yeri tutub.

Dövlət Neft Fondunun gəlirləri 143 milyard dolları keçib

ARDNF bu vaxtadək “Azəri-Çıraq-Günəşli” layihəsindən 140,4 milyard dollar, “Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,5 milyard dollar qazanıb. Təkcə cari ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 2,24 milyard dollar daxil olub. O cümlədən 3 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri 91 milyon dollar təşkil edib. Həmçinin yeni AÇG sazişinə əsasən, 2018-2025-ci illərdə ARDNF-ə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, ötən 2 ildə bonus məbləğinin 900 milyon dolları artıq fonda ödənilib.
Dövlət Neft Fondunun gəlirlərinin artması, ölkənin maliyyə vəziyyətinin yaxşılaşması sosialyönümlü tədbirlərin həyata keçirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm və davamlı addımların atılmasına imkan yaradıb. Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. Fond hazırda mühüm sosial-iqtisadi layihələri maliyyələşdirir ki, onların uğurlu icrası ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınan, vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərə öz təcrübəsini bölüşməyə qadir bir quruma çevrilir.
Ölkədə neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən fondun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosialyönümlü layihələrin maliyyələşdirilməsi təmin edilir. Neft sektoru ilə yanaşı, infrastruktur sahələrinin, habelə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. 2001-ci ildən cari il martın 31-dək Neft Fondu 100 milyard dollardan çox vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib, dövlət büdcəsinə transfert edilib. Qeyd edilən dövrdə ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə ARDNF-in 2,32 milyard manatı istifadə edilib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələri tikilib, onların sosial-məişət vəziyyəti yaxşılaşdırılıb.
2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilib. Fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edən Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutub. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-cı ildən 2011-ci ilədək Neft Fondundan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinə 779,6 milyon manat vəsait yönəldilib. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə isə 1,46 milyard manat vəsait yönəldilib.
Bu illərdə ARDNF, həmçinin ölkə neftinin dünya bazarına çıxarılmasında əvəzsiz payı olan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat, AÇG layihəsində SOCAR-ın iştirak payının maliyyələşdirilməsi 87,6 milyon manat, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinə 1,53 milyard manat, Türkiyədə “Star” neft emalı kompleksinin tikintisinə 1,66 milyard manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsinə 90 milyon manat, respublikamızın nəqliyyat-tranzit potensialına mühüm töhfə verən Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinə isə 748,6 milyon manat sərf edib.
Bundan başqa, 20 illik fəaliyyəti dövründə Neft Fondu dövlət büdcəsinə transfertləri 91,2 milyard manata, Mərkəzi Bankına transfertləri isə 4 milyard manata çatıb.
Neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına yönəltməyi qarşıya məqsəd qoyan ARDNF Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 212,7 milyon manat yönəldilib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb.

ARDNF-in vəsaitlərinin həcmi fondun tarixində ilk dəfə 40 milyard dolları ötüb

2001-ci ildə fondda 270 milyon ABŞ dolları məbləğində vəsait vardısa, cari il martın 31-nə bu rəqəm 40 milyard 273,3 milyon dollar təşkil edib. Beləliklə də, bu il 20 illiyini qeyd edən Dövlət Neft Fondunun vəsaitlərinin həcmi fondun tarixində ilk dəfə olaraq 40 milyard dolları keçib.

Təkcə cari ilin yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 5,96 milyard manat, xərcləri isə 2,64 milyard manat olub. Birinci rübdə fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4,6 milyard manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3,83 milyard manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib. Rüb ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1,35 milyard manat olub.
Bu il martın 31-nə ABŞ dolları Neft Fondunun investisiya portfelinin 55 faizini, avro 33,3 faizini, funt-sterlinq 5 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,8 faizini, Rusiya rublu 0,6 faizini, Koreya vonu 0,5 faizini, Çin yuanı 1,2 faizini, Yaponiya yeni 1,6 faizini, digər valyutalar isə 1,4 faizini təşkil edib. ABŞ dolları portfelinin 2,97 milyard dollarlıq hissəsini (7,4 faiz) qızıl investisiyaları təşkil edir. Həmçinin ARDNF-in investisiya portfelinin 400 min dolları (təqribən 680 min manatı) Azərbaycan manatıdır.
Martın sonuna Dövlət Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 74 faizi istiqrazlar və pul bazarı alətləri, 13,4 faizi səhmlər, 5,2 faizi daşınmaz əmlak və 7,4 faizi (71,75 ton) isə qızıl təşkil edib. Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 66,25 faizi inkişaf etmiş ölkələr, 26,83 faizi inkişaf etməkdə olan ölkələr və 6,92 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb və ilk hesabatı təqdim edilib

Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) sahəsində bir çox ilklərə imza atan ölkələrdən olub. Azərbaycan hasilat sənayesində ən yüksək şəffaflığı təşviq edən, beynəlxalq təşəbbüsləri dəstəkləyən və 2003-cü ildə MHŞT-yə ilk qoşulan, 2005-ci ildə dünyada MHŞT üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkədir. 2005-ci ildən başlayaraq Azərbaycan mədən hasilatı sənayesinin bütün göstəricilərini əhatə edən hesabatlar dərc edib və ümumilikdə ölkəmiz 20-dən çox MHŞT hesabatı hazırlayıb. İlk gündən etibarən Azərbaycan MHŞT-nin beynəlxalq səviyyədə ən fəal iştirakçılarından biri olub.

Lakin 2016-cı ildən başlayaraq Azərbaycana qarşı ikili standartların tətbiq olunması və qərəzli yanaşmalar başlayıb. Baxmayaraq ki, Azərbaycan dəfələrlə bunun qarşısına çıxıb. Ancaq bu ikili standartların tətbiq olunması davam edib. 2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın MHŞT-dəki fəaliyyətinin dayandırılması barədə ədalətsiz qərar qəbul olunub. Bu ədalətsizliyə cavab olaraq isə Azərbaycan hökuməti ölkəmizin MHŞT-ni tərk etməsi barədə qərar qəbul edib. Həmin qərarla bağlı bəyanat verilib, Azərbaycan bəyan edib ki, ölkəmiz MHŞT-nin prinsiplərini deyil, bir təşkilat kimi MHŞT-ni tərk edir. Azərbaycan öz üzərinə öhdəlik götürüb ki, bundan sonra da mədən hasilatında şəffaflığın tətbiq olunmasına sadiq qalacaq. Bu öhdəliyin məntiqi nəticəsi olaraq Azərbaycanın MHŞT-dən kənar ilk mədən hasilatı sənayesində şəffaflıq hesabatını açıqlayıb. 2016-cı il üzrə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatı nəinki Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün bütün standartlarına uyğundur, hətta bir çox sahələrdə ondan daha da irəlidədir.
Azərbaycan MHŞT-ni tərk etdikdən sonra Prezident İlham Əliyevin 2017-ci il 5 aprel tarixli Fərmanı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Komissiyanın çox fəal işi başlayıb, həmin ilin mayından başlayaraq bir çox görüş keçirilib, yeni hesabat formaları təsdiq edilib.
ARDNF-in istər neft gəlirlərinin ölkənin ümummilli problemlərinin həllində, strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasında və yenidən qurulmasında istifadə olunması, istərsə də idarə edilməsində şəffaflığın təmin edilməsi istiqamətində qazandığı böyük uğurlara dünyanın digər neft ölkələrində fəaliyyət göstərən analoji qurumlar, sözün əsl mənasında, həsəd apara bilərlər. İyirmiillik fəaliyyəti dövründə Azərbaycanın inkişafına və tərəqqisinə xidmət edən fondun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qazandığı uğurlar bu qurumun hələ uzun illər xalqımıza sədaqətlə xidmət edəcəyini deməyə bir daha əsas verir.


Yazı “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda müsabiqəyə təqdim olunur.

Neft - qaz 2019-06-11 15:43:00