×
A
A
A
Sazlamalar

Sergey Klimenko: Kryukov vaqonqayırma zavodu Azərbaycandakı müəssisələrlə uğurlu əməkdaşlıq edir

Bakı, 11 iyun, AZƏRTAC
“Kryukov Vaqonqayırma Zavodu” ASC Azərbaycanda bir sıra müəssisələrlə uğurlu əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 11-də Bakı Sərgi Mərkəzində işə başlayan “TransCaspian 2019” və “Road & Traffic 2019” sərgilərində məhsullarını nümayiş etdirən Kryukov vaqonqayırma zavodunun reklam şöbəsinin müdiri Sergey Klimenko deyib.
“Zavod Ukraynanın ən böyük və qədim müəssisələrindən biridir. Hazırda müəssisəmizin istehsal proqramına yük və sərnişin vaqonları, çoxvaqonlu elektrik qatarları, metro vaqonları, eskalatorlar və bütün bu məhsullar üçün ehtiyat hissələri daxildir”, - deyə qeyd edib.
Müəssisə Azərbaycanda müvafiq qurumlarla da sıx əməkdaşlıq edir. Belə ki, Azərbaycana zavod tərəfindən yük vaqonları və ehtiyat hissələri satılıb. Bundan başqa, Bakı Metropoliteninin eskalatorları üçün ehtiyat hissələri də göndərilib.
S.Klimenko əlavə edib ki, təmsil etdiyi müəssisə Bakı Sərgi Mərkəzindəki sərgilərdə 2003-cü ildən iştirak edir. Bu dövr ərzində Azərbaycanda bir sıra qurumlarla uğurlu əməkdaşlıq qurulub.

 

Sərgilər 2019-06-11 12:58:00