×
A
A
A
Sazlamalar

Builki “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgilərində 75 şirkət iştirak edəcək YENİLƏNİB

Bakı, 10 iyun, AZƏRTAC
İyunun 11-13-də Bakı Sərgi Mərkəzində keçiriləcək XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində 10 ölkədən 75 şirkət iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 10-da sərgilərin açılışına həsr olunmuş mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin rəhbəri Fərid Məmmədov deyib.
Qeyd edilib ki, “TransCaspian 2019” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olmaqla yanaşı, dəmir yolu, nəqliyyat-logistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını bir araya gətirəcək. Bu il “TransCaspian” sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər öz məhsul və xidmətlərini təqdim edəcəklər. Hər il sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Bundan əlavə, sərgidə Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə təmsil olunacaq.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Həbib Həsənov nəqliyyat sahəsinin inkişafının respublikamız üçün böyük əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bunu nəzərə alaraq, sərgidə dövlət orqanları ilə yanaşı, özəl sektorun da iştirakı gözlənilir.
Məlumat verilib ki, iştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edəcəklər. Onların sırasında dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri və sair yer alıb. Yükdaşıma və logistika xidmətləri sektorlarını “Ikra Logistika”, “AS Prof Logistics”, “Absheron Logistics Center” və digər şirkətlər təqdim edirlər. “Belomo” şirkəti isə builki sərgidə debüt edir.
“Road & Traffic 2019” sərgisi isə nəqliyyat infrastrukturu sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış tədbirdir və təkcə yol sahəsinin deyil, həm də yol-inşaat sahəsinin peşəkarları arasında yüksək qiymətləndirilir. Bu il sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi üçün məhsul və xidmətlər çeşidi, yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnikası, yolların nişanlanması üçün avadanlıqlar, yol işıqlandırma sistemləri, yol nişanlarını və metal yol sədləri, həmçinin elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və bir sıra digər məhsul və xidmətləri təqdim edəcəklər. Sərgidə avtobuslar ekspozisiyası da təqdim olunacaq. Sərginin debütantı “Xaliq Faiqoğlu” ilə yanaşı, “Anadolu Isuzu Otomotiv Sanayi Ve Ticaret A.Ş” və avtobus istehsalçısı olan Çinin “HIGER” şirkəti də öz avtobuslarını nümayiş etdirəcəklər.
Beləliklə, “TransCaspian” və "Road & Traffic" sərgiləri 3 gün ərzində xarici şirkətlər üçün yerli bazar ilə əlaqə yaratmaq, Azərbaycan şirkətləri üçün dünya bazarına çıxmaq, yeni tərəfdaşlar və dilerlər tapmaq, həmçinin mövcud layihələrin genişləndirilməsi üçün əla imkanlar yaradacaq. Sərgi çərçivəsində əlavə tədbirlər proqramı da nəzərdə tutulub. Belə ki, təşkilatçılar bu proqram çərçivəsində “B2B” formatlı görüşlərin keçirilməsi üçün işgüzar platforma yaradıb və burada yerli və xarici şirkətlərin nümayəndələri əməkdaşlıq və tərəfdaşlıq yollarını müzakirə etmək üçün görüşlər keçirə biləcəklər.
“TransCaspian” sərgisi çərçivəsində iyunun 11-də “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans təşkil ediləcək. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsətdir. Konfransın sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunacaq.
“Road & Traffic” sərgisi çərçivəsində isə təşkilatçılar tərəfindən “Yol hərəkətinin təhlükəsizliyi” və "Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı" mövzularında panel müzakirələri aparılacaq. Müzakirənin iştirakçıları hərəkətinin idarə edilməsi sahəsində mövcud olan problemləri və bu sahədə tətbiq olunmuş yenilikləri müzakirə edəcəklər. Sərginin qonaqları açıq mikrofon vasitəsilə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər. Müzakirə mövzuları sırasında “Yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramının həyata keçirilməsi”, “Yolların keyfiyyətinin yol hərəkəti təhlükəsizliyinə təsirləri”, “Sürücü və piyadaların məsuliyyət və şüurunun artırılma yolları”, “Yol tikintisi zamanı keyfiyyətinə nəzarət”, “Yol infrastrukturunda IT xidmətlərin və data-nın önəmi” yer alacaq.
Sərgilər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “TRACECA” Hökumətlərarasi Komissiyasinin Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Sərgilər 2019-06-10 11:31:00