×
A
A
A
Sazlamalar

Xızıda “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir təşkil edilib

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 4-də Xızı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova rayondakı dini durum barədə məlumat verib.
Sonra çıxış edən DQİDK-nın sədr müavini Gündüz İsmayılov bildirib ki, müasir dövrdə bir çox dövlətlər dini ekstremizmdən və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır. Son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda beynəlxalq güclər dünyada, xüsusilə də müsəlman ölkələrində sabitliyin pozulmasında din amilindən istifadə edirlər.
Bütün səmavi dinlərin, o cümlədən İslamın insanları sülhə, əmin-amanlığa, elm öyrənməyə səslədiyini vurğulayan G. İsmayılov deyib ki, istər Quranda, istərsə də başqa mənbələrdə bəşər övladına elmin dəyəri və insan həyatındakı əvəzedilməz rolu barədə çağırışlar edilib, elm öyrənənlərə, alimlərə hörmətlə yanaşılıb, cəhalət və cahillər isə kəskin şəkildə məzəmmət olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Din 2019-06-04 14:45:00